Azərbaycan Premyer Liqasının XII turunda "Sumqayıt" öz meydanında "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib. 

Unikal.org futbol11.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:

- İlk dəqiqələrdən niyyətimiz bəlli idi. Oyun da göstərdi ki, meydana qələbə üçün çıxmışdıq. Sevindirici haldı ki, qoldan sonra yenə hücumlar etdik. Bu həftə Avropada möhtəşəm futbol həftəsidir. İstəyirdik ki, biz də bu möhtəşəm həftədə azarkeşlərimizi sevindirək. Komandanın sabit oyun sərgiləməsi üçün çox çalışmaq lazımdır. Təcrübə baxımından problemimiz var. Belə oyunlar futbolçularımıza dərsdir. Desəm ki, hər oyun belə oynayacağıq, yalan olar.

- Artıq yüksək pillələrə doğru irəliləyirsiz. "Sumqayıt" mövsümü dördüncü pillədə başa vura bilərmi?

- Biz hər oyuna qələbə üçün çıxırıq. Yerlər haqda heç nə düşünmürük. Dördüncü pillə bizim üçün əlçatmazdır. Çalışacağıq ki, qarşıdakı oyunlarda da bugünkü kimi oynayaq və yüksək yerlərə qalxaq.

- Bəzən "Sumqayıt" qələbələrdən sonra eyforiyaya qapanır. Bunu aradan qaldırmaq üçün nə düşünürsüz?

- Bundan çox qorxuram. Jurnalistlərdən xahiş edirəm ki, komandamızın üzvlərindən nə gördünüzsə, yazın, onların gözünü qorxudun.