Əməkdar artist Sənubər İskəndərli aparıcı Nərgiz Cəlilovanın "Sevilənlər" verilişində qonaq olub.
Unikal.org-un məlumatına görə, aktrisa şəxsi həyatından danışaraq bildirib ki, anasının istəmədiyi biri ilə ailə qurub:
"Anam məndən incik getdi, onu uzun müddət yuxuda görmədim. Çünki onun ürəyincə olmayan biri ilə ailə qurmuşdum. Aktrisa olandan sonra bir dəfə anamı yuxuda gördüm. Gözlərini yumdu, başını tərpətdi, düşündüm ki, razıdır. Bu sənətdə onun istəmədiyi kimi addım atsaydım, başqa cür baxardı. Anamı itirəndə 13 yaşım tamam olmamışdı... Onun yeganə övladıydım. Anladım ki, ana, ata, var-dövlət varsa, səndən yoxdur. Əgər bunlar yoxdursa, sənə başqa cür baxacaqlar. Həmişə belə gördüm".
S.İsgəndərli 17 yaşında ərə getdiyini deyib:
"Dəlicəsinə sevdim, ailə qurdum. Sevgi çox qəribədir. Adamı yenidən uşaqlığına qaytarır, istəyirsən nazını çəksinlər, hər şey onunla bağlı olsun. Deyirlər, sevgidən doğulan övladlar xoşbəxt olur. O sarıdan xoşbəxt anayam".
S.İskəndərli ərinin qısqanc olduğunu söyləyib:
"Təklif gələndə yoldaşım ssenarini məndən əvvəl oxuyurdu. Bir çox hallara icazə vermirdi. İmtina etdiyim rolları oynasaydım, indi ən az 30-40 filmim olardı, 6-7 yox".