Ötən həftə Rusiyanın Tu-95M strateji nüvə bombardmançıları Portuqaliyanın nəzarətində olan hava məkanına (ölkənin suveren hava məkanından kənarda) daxil olub.
Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, NATO-da "Ayı" adlandılılan bombardmançıları "tutmaq" üçün havaya iki F-16 qırıcısı qaldırılıb.
Portuqaliya hava qüvvələrinin polkovniki Rui Rok deyib ki, Rusiya bombardmançıları ölkənin şimal istiqamətindən hava sahəsinə daxil olublar. Lakin Portuqaliyanın suveren hava sərhədlərini pozmayıblar. Beynəlxalq normalara görə hər bir ölkənin suveren hava sahəsi ilə yanaşı nəzarət etdiyi hava sahələri də mövcuddur. Bu, beynəlxalq hava sahəsinin bir hissəsidir, ancaq konkret ölkənin müşahidəsi altında olur.
Polkovnik deyib ki, Rusiya bombardmançıları tanınma siqnalları vermirdi və bu səbəbdən onların uçuşu regionda mülki aviasiyanın uçuşu üçün təhlükə yarada bilərdi. Bombardmançılar Portuqaliya qırıcılarının müşaiyəti ilə ölkənin hava sərhədləri boyu uçub və daha sonra uzaqlaşıb.
Rusiya son illər müntəzəm olaraq NATO ölkələrinin sayıqlığını strateji bombardmançılarla yoxlayır.