"ABŞ-ın İrana qarşı sanksiyaları 10 illik uzatması Hərtərəfli Birgə Fəaliyyət Planının pozulması deməkdir, biz hökmən buna reaksiya verəcəyik.
Unikal.org-un məlumatına görə, bu sözləri İranın ali lideri ayətullah Seyid Əli Xamenei "Bəsic könüllülər təşkilatının komandirləri və üzvləri ilə görüşdə deyib.
Ayətullah Xamenei bildirib ki, Amerikanın hazırkı hökuməti indiyədək nüvə sazişi məsələsində dəfələrlə öhdəliklərini yerinə yetirməyib: "Onlardan ən yenisi sanksiyaların 10 il müddətinə uzadılmasıdır. Əgər bu sanksiya icra olunarsa, Hərtərəfli Birgə Fəaliyyət Planı pozular. Onlar bilsinlər ki, İslam Respublikası buna reaksiya verəcək.
İranın ali rəhbəri çıxışının davamında qeyd edib ki, "Bəsic inqilab dövrünün heyrət doğuran fenomenlərindən biridir: "Bu fenomenin yaradılması üçün imam Xomeyniyə Allah tərəfindən ilham verilmişdi ki, islam inqilabının taleyini gənclərə tapşırsın.
Qeyd edək ki, ötən həftə ABŞ Konqresi İrana qarşı daha öncə tətbiq edilmiş sanksiyaların müddətini daha 10 il uzadıb.