Tanınmış aktrisa, əməkdar artist Kəmalə Müzəffərdə xərçəng xəstəliyi aşkarlanıb.
Unikal.org xəbər verir ki, criminal.az saytına daxil olan məlumata görə, tamaşaçıların 'Vicdan haqqı' serialından tanıdığı aktrisa artıq əməliyyat olunub.
Xeyli müddət əvvəl aktrisanın sifətinin sol tərəfində qeyri-müəyyən batıq meydana gəlibmiş. Bundan narahat olan K.Müzəffər Bakıya gəlmiş türkiyəli həkimlərə müraciət edib. Həkimlər tərəfindən həmin yer çapıq adı ilə iki dəfə əməliyyat olunub. Lakin sifətindəki problem yenidən yaranıb.
Bir neçə gün əvvəl aktrisa yenidən həkimə müraciət edib. O, Medical Plaza klinikasında plastik cərrah Araz Salmanov tərəfindən əməliyyat olunub. Onun sifətindəki batıq heç də çapıq deyilmiş. Aktrisanın sifətində bazalyoma aşkarlanıb. Əməliyyat yolu ilə həmin törəmə götürülüb və aktrisa xeyli müddətdir onu narahat edən problemdən qurtulub.
***
Əməkdar artist Kəmalə Müzəffər teleqraf.com-a açıqlamasında üzündə xərçəngin bazalyoma növünün aşkarlanması ilə bağlı yayılan xəbərə münasibət bildirib:
Üzümün sol payında yaranan problemlə bağlı iki dəfə əməliyyat olunmuşam. Sadəcə, əvvəlcə o paydan götürülən törəmə analizə verilməmişdi. Ona görə bunun xəstəlik olduğundan xəbərsiz idik. Sonuncu dəfə "Medical Plaza" klinikasının həkimi Araz Salmanov dedi ki, bu xəstəliyə oxşayır və onu analiz etməliyik. Prosedura uyğun olaraq üzümün sol payından götürülən törəmə əkməyə verildi və on gündən sonra xəbər gəldi ki, həkim yanılmayıb, bu, xərçəngin bazalyoma növüdür.
Bir ay bundan öncə əməliyyat olunduğunu bildirən aktrisa hazırda həkim nəzarətindədir:"Həmin yer tamamilə təmizlənib, onun yerinə dəri köçürülüb. Hələ ki, tam sağalmayıb, amma hiss edirəm ki, yavaş-yavaş sağalır. Hazırda həkim nəzarətindəyəm.
Aktrisa üzündə yaranmış problemin "Vicdan haqqı serialının çəkilişlərinə mane olmadığını da deyib:Çəkilişlərim davam edir. Çəkiliş zamanı üzümün həmin nahiyəsini qrimlə örtürəm. Mən pessimist insan deyiləm, inşallah, hər şey yaxşı olacaq.