Azərbaycanda il ərzində əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılara mavi yanacağın bir kubmetri əvvəl olduğu kimi 10 qəpikdən hesablanacaq.
Unikal.org-un məlumatına görə, "Azəriqazın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev "APA-Economicsə deyib ki, 2017-ci ilin yanvarın 1-dən etibarən il ərzində təbii qaza görə, illik istehlak həcmi 1500 kubmetrdən çox olan abonentlər üçün müəyyən olunmuş limitdən sonrakı sərfiyyat 20 qəpikdən hesablanacaq: "Ümumiyyətlə, burada hər hansı bir problem yoxdur. Gələn ildən 1500 kubmetrdən artıq istifadə edən abonent üçün 1500 kubmetr əvvəlki tariflə hesablanacaq. 1500 kubmetrdən artıq olan qazın hər bir kubmetri 20 qəpikdən hesablanacaq. Smart kart tipli sayğaclarda hesablanma eyni qaydada olacaq. 1500 kubmetrədək qazın dəyəri 10 qəpikdən hesablanacaq. 1500 kubmetrdən artıq hissə isə 20 qəpikdən hesablanacaq .
Sadə dildə desək, əhali üzrə hər bir abonent üçün illik 1500 kubmetr sərfiyyat müəyyənləşdirilib. Əgər abonent 1 il ərzində 1500 kubmetr qaz istehlak edəcəksə, o bu halda qazın hər kubmetrini əvvəlki qaydada 10 qəpiklə ödəyəcək. Başqa sözlə, il ərzində 1500 kubmetr qaz istehlakına görə abonent 150 manat ödəniş edəcək. Amma illik qaz sərfiyyatı 1500 kubmetrdən çox olan abonent bu göstəricidən artıq istehlak etdiyi hər kubmetr qaza görə 20 qəpik ödəməli olacaq. Məsələn, illik qaz istehlakı 2000 kubmetr olan abonent 1500 kubmetri 10 qəpiklə ödəyəcək. Yerdə qalan 500 kubmetrə görə ödəniş hər kubmetrə görə 20 qəpikdən hesablanacaq. Yəni, ümumilikdə, limitdən əlavə istifadə olunmuş 500 kubmetr qaz üçün 100 manat ödəməli olacaq. Beləliklə, il ərzində 2000 kubmetr qaz istehlak edən abonent 250 manatından keçməli olacaq.
İ. Kərbəlayev əlavə edib ki, qaz sistemi yeni tariflərə uyğunlaşdırılacaq: "Bizdə hər bir abonentin bazası var. Onların istehlak etdiyi və ödənişləri ilə bağlı məlumat mövcuddur. Abonentlər istər "Azəriqaz İB istərsə də, abonentin yaşadığı ərazi üzrə xidmət sahəsindən, satış şöbəsindən bu məlumatları əldə edə bilər. Burada heç bir problem yoxdur. Mexaniki sayğacların üzərində göstəricilər var. Abonent mexaniki göstərici vasitəsi ilə ödəyəcəyi məbləği hesablaya biləcək. Smart kart tipli sayğaclarda isə elektron tablo vasitəsi ilə abonent qaz sərfiyyatı barədə göstəriciləri izləyə biləcək.
Qeyd edək ki, təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib və elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Başqa sözlə desək, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün heç nə dəyişməyib. Amma aylıq enerji istehlak 250 kilovat-saatdan çox olan abonentlərin xərcləri artıb. Məsələn, ayda 400 kilovat-saat enerji istehlak edən abonent buna görə 34 manat ödəniş etməli olacaq. Halbuki əvvəl o, bu göstəriciyə görə əvvəl indikindən 6 manat az, yəni 28 manat ödəyirdi. Ayda 1000 kilovat-saat enerji istehlak edən abonent buna görə 100 manat ödəniş etməli olacaq.
Göründüyü kimi, istehlak artdıqca və xüsusilə də limitdən artıq sərfiyyat abonentə baha başa gələcək.
Mütəxəssislər hesab edir ki, kommunal xidmətlərin qiymətlərinin diferensiallaşdırılması daha çox fərdi yaşayış evləri böyük olan abonentlərin və istehsalla məşğul olan müəssisələrin xərclərini artıracaq.