Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç 2014-cü ilin fevralında Kiyevdə baş vermiş hadisələrlə bağlı aparılan istintaqa sığındığı Rusiyadan videokonfransla ifadə verir.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, Yanukoviç ifadəsində Maydan hadisələri zamanı xüsusi təyinatlı "Berkut" dəstəsinə nümayişçilərə atəş açmaq əmri vermədiyini, bu dəstənin səlahiyyətini aşdığını bildirib. Bununla belə deyib ki, nümayişləri dağıtmaq üçün ordu yeritmədiyinə peşmandır.

Keçmiş prezident Kiyevi tərk edərkən onun Mejiqorye iqamətgahında baş verənlərdən də danışıb. Videokonfrans yoluyla dindirmə başa çatandan sonra Yanukoviç jurnalistlərlə söhbətində deyib ki, o, 2014-cü ilin fevralında nümayişçilərin iqamətgaha hücum edəcəklərinə tam əmin idi.

"Mən tam əmin idim ki, iqamətgaha hücum edəcəklər! Orada isə mənim mühafizə xidmətimin döyüşçüləri dayanmışdı, ciddi, sadiq, dişinə qədər silahlanmış minə qədər adam. Onlar ölənə qədər orada dayana bilərdi! Və, əlbəttə ki, orada böyük sayda adamı öldürməyə hazır idi!" - Yanukoviç deyib.

Keçmiş prezidentin dediyinə görə, yaxınları ondan soruşublar: "Bu iqamətgahı qorumaq üçün insanları öldürməyə dəyərmi?"

Yanukoviç isə cavab verib: "Bura heç zibilə də dəyməz! Birincisi, mənim orada şəxsi iqamətgahım yox idi, evim var idi, 3 milyon 200 min qriven verib almışdım. Qalanı mənim mülkiyyətim deyildi! Bunu müdafiə etmək və ölənə qədər orada dayanmaq?"

Keçmiş prezident bildirib ki, ona Mejiqoryeni yandırmağı da təklif ediblər. "Söhbət mənim yox, iqamətgahın müdafiəsindən gedirdi! Orada mənim pulemyotlarla, avtomatik silahlarla silahlanmış peşəkarlarım dayanmışdı. Və mən onda dedim: "Cəhənnəm olsun bu iqamətgah! Qoy qapını açsınlar, qoy baxsınlar!...Bəziləri mənə dedi ki, gəlin bunu yandıraq. Mən dedim ki, nə danışırsınız? Mənim buna nə aidiyyətim var? Mənim mülkiyyətim deyil ki, yandırasınız. Bu, tamam başqa adamlara aiddir", - Yanukoviç danışıb.