İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı bu gün start götürüb. Dekabrın 2-10-u tarixlərində davam edəcək yarışda Azərbaycan yığma komandası da iştirak edir. Təmsilçilərimizdən daha biri - Kənan Xəlilov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan atletlərin mübarizəsində 56 kq çəki dərəcəsində çıxış edib.
Kənan birdən qaldırma hərəkətində əla çıxış edib. O, üçüncü yanaşmasında 110 kq-ı ram edərək bütün rəqiblərini üstələyib.
Bir müddət əvvəl Azərbaycan Kubokunun sahibi olan Xəlilov təkanla qaldırma hərəkətində cəmi 118 kq-ı başı üzərinə qaldıra bilib.
Millimizin üzvü 228 kq (110+118) nəticə göstərərək gənclər arasında Avropa çempionatının bürünc medalçısı adını qazanıb. Əla nəticədir. Çünki bu atletin cəmi 17 yaşı var və özündən yaşca böyüklər arasında uğurlu nəticə əldə edib.