OPEC neft hasilatının sutkada 1,2 milyon barrelədək azaldılması barədə razılığa gəlib. Bundan başqa, OPEC-ə üzv olmayan ölkələr hasilatı daha 600 min barrel azaldacaq.
Bu, neft bazarında qiymətlərin 45 dollar ətrafında saxlanmasına yardım edə bilər. Lakin daha baha qiymət üçün bir qədər çox gözləmək lazım gələcək.
Unikal.org-un məlumatına görə, bu proqnozu Saxo Bank-ın əmtəə-xammal bazarında strategiya şöbəsinin rəhbəri Ole Slot Hansen verib.
Onun sözlərinə görə, hələ bir çox məsələ aydın deyil. Burada əsasən diqqəti OPEC-in hasilatı azaltmaqla bağlı razılaşmasına nə dərəcədə sadiq qalacağı cəlb edəcək: "Biz hesab edirik ki, bir barrelin 55 dollardan çox artımı çətin olacaq, amma mövqelərdə düzəlişlərin edilməsi zərurəti daha çox artıma gətirib çıxara bilər. Ehtimal olunur ki, öz fəaliyyəti ilə OPEC bazar qiymətlərinin aşağı həddini formalaşdırıb. Bu, yəqin ki, 45 dollar ətrafındadır. Amma əgər onların hədəfi bir barrel üçün 70 dollardırsa, bunun üçün çox gözləmək lazım gələcək".