Özbəkistanda keçirilən prezident seçkilərində 13 il baş nazir vəzifəsini icra edən Şavkat Mirziyoyev qalib gəlib. Özbəkistan Mərkəzi Seçki Komissiyasının açıqladığı rəsmi məlumata əsasən, o, 88,61 faiz səs toplayıb. Seçkilərdə seçici fəallığı 86,62 faiz təşkil edib.
İslam Kərimovun ölümündən sonra onun boş qalan postuna Şavkat Mirziyoyevin gələcəyi gözlənilirdi. Siyasi analitiklər onun şansını yüksək qiymətləndirirdilər. Nəticədə gözləntilər reallaşdı və Mirziyoyev prezident kürsüsünə yiyələndi.
Bu günə qədər 13 il baş nazir olan Mirziyayevin tərcümeyi-halı rəsmi olaraq heç yerdə açıqlanmayıb.
Unikal.org azvision.az-a istinadən yeni prezidentlə bağlı araşdırmanı təqdim edir.
Şavkat Mirziyoyev kimdir?
Yeni prezident 24 iyul 1957-ci ildə həkim ailəsində anadan olub. Milliyətcə özbəkdir. Daşkənd mühəndisləri institutunu bitirib. İxtisasca mühəndis-mexanik, texnika elmləri namizədi, dosentdir. 1981-ci ildə Daşkənd mühəndislər institutunda əmək fəaliyyətinə başlayıb, tədris işləri üzrə prorektoru, kiçik elmi işçi, baş müəllim, dosent işləyib.
Mirziyoyev 1990-ci ildə Respublika Ali Sovetinin deputatı seçilib, Mandat komissiyasının sədri olub. 1996-2001-ci illərdə hakim vəzifəsində çalışıb, 2001 ildə Səmərqəndə təyinat alıb və iki il orada işləyib. İcra hakimiyyəti orqanlarında işləyərkən 1995-2003-ci illərdə Özbəkistan respublikası Ali Məclisinin deputatı kimi ölkənin siyasi, sosial-iqtisadi inkişaf və demokratik islahatların həyata keçirilməsinə yönəlmiş mühüm qanunvericilik sənədlərinin işlənib hazırlanmasında və qəbul edilməsində fəal, səmərəli iştirak edib. 2003-ci ildə Özbəkistan respublikasının baş naziri olub. O, bu posta ardıcıl üç dəfə - 2005, 2010, 2015-ci illərdə Ali Məclisin palataları tərəfindən təsdiqlənib.
Yeni prezidentin şəxsi həyatı
Yeni prezident ailəlidir. İki qız və bir oğlu var. Rəsmi tərcümeyi-halında bildirilir ki, beş nəvəsi var. Həyat yoldaşı Xoşimova Z.M ixtisasca mühəndis-iqtisadçıdır. Hazırda evdar xanımdır. Yeni birinci xanım iki dəfə ordenlə təltif edilib.
Mirziyoyevin uşaqlıq illəri çətin keçib. Erkən yaşda anasını itirən Şavkat ögey anaya möhtac qalıb. Adi bir səhvin üstündə anası onu ac və sussuz saxlayırmış. Şavkat ögey ana zülmündən xilas olmaq üçün öz əmisinin evinə köçmək məcburiyyətində qalıb.
Şavkat baş nazir olduğu zaman Özbəkistan prezidentinin İşlər İdarəsinin rəisi Heydərov və prezidentin dövlət kadrlar üzrə müşaviri İsmayılovun olduğu "Səmərqənd klanı" tərəfindən dəstəklənib.