Almaniyanın əks-kəşfiyyat xidməti Rusiya tərəfindən aqressiv kibercasusluq işləri həyata keçirildiyini qeydə alıb.

Unikal.org-un "Reutersə istinadən verdiyi məlumata görə, bu bəyanatla Almaniyanın Konstitusiyanın Müdafiəsi üzrə Federal Xidmətinin (BfV) rəhbəri Hans Georq Maasen çıxış edib.

"Biz Rusiya tərəfindən Almaniyanın hökumət, parlament üzvlərinə, demokratik partiyalarına potensial təhlükə törədən aqressiv kibercasusluq və digər əməliyyatların artdığını müşahidə edirik, - deyə H. G. Maasen bildirib. O deyib ki, xüsusi xidmət orqanı bu cür fəaliyyətlərin gələcəkdə davam edəcəyini gözləyir.

Əks-kəşfiyyat rəhbərinin sözlərinə görə, Rusiya Almaniyada dezinformasiya kampaniyası aparmaq, ölkədə sabitliyi pozmaq və ümumən cəmiyyətdə qeyri-müəyyənlik yaratmaq məqsədilə çoxlu təbliğat alətlərindən və böyük maliyyə resurslarından istifadə etməyi planlaşdırır.

Qeyd edək ki, noyabr ayında H. G. Maasen Rusiyanın gələn il Almaniyada keçiriləcək parlament seçkiləri prosesinə müdaxilə etməsi ehtimalının yüksək olduğunu açıqlayıb. Onun fikrincə, seçki ərəfəsində "Lizanın əhvalatına bənzər informasiya hücumlarının təşkili ehtimalı var. Bu ilin yanvarında Rusiyanın "Birinci kanalı Almaniya paytaxtında miqrantların guya Liza adlı 13 yaşlı qızı qaçıraraq zorladıqları barədə süjet hazırlamışdı. Berlin polisi bu xəbərin yalan olduğunu bəyan edib.