"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il Sərəncamına əsasən yaradılmış Qərargah tərəfindən Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin mütəxəssislərinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatlarının planı təsdiq olunaraq, axtarış-xilasetmə sektorları müəyyən edilmiş və qeyd olunan plana uyğun olaraq tədbirlər həyata keçirilməsi təmin edilməkdədir. 

Qərargahdan Unikal.org-a verilən məlumata görə, hazırda qeyd olunan Plan üzrə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv axtarış-xilasetmə işləri davam etdirilməkdədir.

Eyni zamanda sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən axtarış tədbirləri həyata keçirilməkdədir. Əlavə olaraq, Qərargah tərəfindən axtarış-xilasetmə sektorlarının əhatə etdiyi ərazilər üzrə rayon icra hakimiyyətləri də müvafiq qaydada təlimatlandırılıb.

Qərargah tərəfindən həyata keçirilən tədbirlər barədə ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.