"Maraqlıdır, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki bu özbaşınalığı oranın rəhbərliyi, yaxud əlaqədar orqan nümayəndələri görmürlər? Əgər görürlərsə, niyə buna əncam çəkmirlər?"

Unikal.org bildirir ki, bu fikirlər rəsmi dövləq qəzeti olan "Azərbaycan"ın bu günki sayında Goranboy rayon sakini Anar Verdiyevin imzası ilə çap olunan yazıda qeyd olunub. Müəllif yazır ki, Kompleksin avtovağzaldan daha çox kolxoz bazarını xatırlatması, xidmətin təşkilinin aşağı səviyyədə olması da onun beynəlxalq statusu ilə daban-dabana ziddir:

"Şəxsi işimlə əlaqədar vaxtaşırı Bakıya getməli oluram. Geri dönərkən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin xidmətindən istifadə edirəm.
Təəssüf ki, beynəlxalq statuslu bu obyektdə vəziyyət heç də ürəkaçan, üzüağlıqla qonaq-qara yola salmaq və ya qarşılamaq üçün yetərli səviyyədə deyil. Avtovağzal ərazisinə giriş pullu olduğundan əksər minik avtomobillərinin sürücüləri kompleksin nəhəng avtodayanacağından istifadə etmək əvəzinə ətrafda, bəzən qadağan olunmuş yerlərdə dayanmağa üstünlük verirlər. Bunun da nə ilə nəticələndiyini o həndəvərdən keçənlər yaxşı bilirlər...
Mən adətən kassadan bilet almağa çalışsam da, sərnişinlərin əksəriyyəti bu kassaların yerini belə tanımır - çünki "bilet satışı birbaşa perronda, avtobusların yanında sürücülər tərəfindən aparılır. Özü də rəsmi qiymətdən baha, sürücülərin nəfinə olmaqla yuvarlaq formada. Bayram və tətil günlərində isə qiymətlər süni şəkildə bir qədər də qaldırılır. Daxili reyslərdə istismar olunan avtobusların əksəriyyəti çox köhnədir. Görünür elə buna görədir ki, bəzən perronda belə sürücülər motoru işlək vəziyyətdə saxlayırlar. Bu səbəbdən üstüörtülü sahədə, avtobusun ətrafında tüstüdən nəfəs almaq olmur. Avtobus yerindən tərpənənə, eləcə də avtovağzalın ərazisindən çıxana qədər səyyar satıcılar sərnişinlərə rahatlıq, dinclik vermirlər. Avtobusun içində nələr təklif edilmir - ərzaq, yeyinti məhsullarından tutmuş geyim, suvenir əşyalarına qədər, hətta tikiş maşını belə satılır. Anlamaq olmur bu kompleks avtovağzaldır, yoxsa ticarət mərkəzi, bazar?!. Perrona çıxış elə "tənzimlənib ki, sərnişinlər əsasən ticarət zonasının içindən keçmək məcburiyyətində qalırlar.
Avtobus qrafiklə nəzərdə tutulduğu vaxtda yerindən tərpənsə də, kompleksdə ən azı daha 15-20 dəqiqə yubanır. Hər kəs yerbəyer olduqdan sonra çıxışdan öncə bir "məntəqədə dayanan sürücülər, görünür, orada vağzalla özlərinin satdıqları biletlərin "haqq-hesabını aparırlar. Kassadan kənar bilet satışını təşkil edənlərin nə niyyət güddüklərini söyləməkdə çətinlik çəksək də, birmənalı olaraq deyə bilərik ki, bu qanunsuzdur. Kompleksin avtovağzaldan daha çox kolxoz bazarını xatırlatması, xidmətin təşkilinin aşağı səviyyədə olması da onun beynəlxalq statusu ilə daban-dabana ziddir.
Hörmətli redaksiya!
Maraqlıdır, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki bu özbaşınalığı oranın rəhbərliyi, yaxud əlaqədar orqan nümayəndələri görmürlər? Əgər görürlərsə, niyə buna əncam çəkmirlər?"