Ukrayna Ali Radasında "Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov və onun birinci müavini Bilanın işinin qeyri-qənaətbəxş hesab edilməsi və vəzifələrindən çıxarılması haqqında qərar layihəsi qeydiyyata alınıb.
Unikal.org xəbər verir ki, Azərbaycan əsilli Roman Nəsirovun və onun müavini Sergey Bilanın vəzifələrindən uzaqlaşdırılması tələbinin səbəbini deputatlar bu məmurların çoxsaylı qanunsuzluqlara yol vermələri ilə izah edirlər.
Deputatlarin fikrincə, bu iki məmur xidməti vəzifələrindən sui-istifadə edərək təsərrüfat subyektlərinə və ayrı-ayrı vergi ödəyicilərinə təzyiq etməklə effektsiz fiksal siyasəti yürüdüblər.
Azərbaycan əsilli məmur və onun müavini digər qanunusuzluqlarda da günahlandırılır.
Məsələn, Dövlət Fiksal Xidmətinin rəhbəri və onun müavini "Ukrnaftanın 10 milyard qrivna cərimələnməsi məsələsində fəaliyyətsizlikdə də qınanırlar.
Roman Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra "Konkord Kapital (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib.
Roman Nəsirov "Pyotr Poroşenko Bloku fraksiyasından Ukraynanın xalq deputatı, Ali Radanın Vergi və gömrük siyasəti məsələləri komitəsinin rəhbəri, Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun sədridir.