Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də "Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tədbirdə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın və digər ətraf rayonlardan olan 167 istifadəçiyə lizinqə verilmiş ümumilikdə 4 848 840 manat məbləğində 317 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 860 051 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 66 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi və onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması həyata keçirilib və sənədlər vətəndaşlara təqdim edilib. Eyni zamanda "Aqrolizinq" ASC-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı Cəmiyyətin əməkdaşları tərəfindən xidmət göstərilib.
Bildirilib ki, xüsusi komissiyanın respublikanın 55 rayonunu əhatə etməklə keçirilmiş səyyar iclaslarında 1148 istifadəçiyə lizinqə verilmiş 2240 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 13 155 142,04 manat məbləğində güzəşt tətbiq edilib, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 642 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.
"Aqrolizinq" ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olmuş elektron müraciətlər üzrə isə xüsusi komissiyanın qərarına əsasən 4903 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 58 013 366,61 manat məbləğində güzəşt tətbiq edilib.
Nazir H.Əsədov görüş zamanı bir nəfər Qarabağ müharibəsi veteranına MTZ-82-1 markalı traktorun sənədlərini növbədənkənar təqdim edib, bir nəfər Milli Qəhrəman anasına güzəştli şərtlərlə kombayn verilməsinə göstəriş verib.