Azərbaycanda 2020-ci ilə qədər ağır sənaye və maşınqayırma sahəsində 1,56 mlrd. manat dəyərində ümumi daxili məhsulun (ÜDM) istehsal ediləcəyi, 7 700 yeni iş yerinin yaradılacağı proqnozlaşdırılır.
Unikal.org xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 6 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində bildirilir.
Sənədə əsasən, bunun üçün 2,9 mlrd. manat investisiya qoyuluşu tələb edilir.
Strateji Yol Xəritəsində adıçəkilən sahənin inkişafı üçün 6 prioritet istiqamət müəyyən edilib. Bu, məhsuldarlığın və səmərəliliyin artırılması, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması, regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi, dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsi, alternativ maliyyələşmə mexanizmlərinin təşviqi və təcrübənin ötürülməsidir.
Bunlardan ən vacibi və bu sahədə proqnozlaşdırılan ÜDM-in təxminən 64%-ni və yaxud 1 mlrd. manatlıq hissəsini təmin edəcək dağ-mədən sənayesi və metallurgiya kompleksinin inkişaf etdirilməsidir. Bu istiqamətə bütün investisiyaların təxminən 69%-i və yaxud 2 mlrd. manatlıq hissəsi yönəldiləcək.