"Rusiya səfirinin Türkiyədə öldürülməsi hadisəsinin ABŞ-la əlaqələndirmə cəhdləri bizi narahat edir. Bu narahatlığımızı Türkiyə rəsmilərinə çatdırmışıq.
Unikal.org-un APA-ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. C. Kirbi ABŞ dövlət katibi Con Kerri və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun bu məsələni telefonla müzakirə etdiyini bildirib.
"Dövlət katibi Fətullah Gülən ABŞ-da yaşayır deyə, bu qorxunc sui-qəsddə ABŞ-ın gizli və ya aşkar şəkildə əlinin olmasına dair səslənən fikirlərlə bağlı narahatlığımızı Çavuşoğluna çatdırıb - deyə, o əlavə edib.
Sözçü səfirin qətlinin ABŞ-la əlaqələndirilməsini gülünc və cəfəng adlandırıb: "Hadisəni törədən şəxsin arxasında hansı güclərin dayandığını bilmirəm. Səfiri vurandan sonra rahat şəkildə danışdığını, qışqırdığını gördük. Təhqiqatçıların işlərini görməsinə imkan yaratmalıyıq ki, həqiqətin, dəlillərin nə olduğunu anlayaq.