"Sumqayıt Elektrik Stansiyasında cari ilin 11 ayı ərzində 3 milyard 7,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 291,9 milyon kilovatsaat artıqdır.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə daxil olan məlumatda bildirilir.

2016-cı ilin noyabr ayında isə burada 296,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin müvafiq dövründəki istehsaldan 8,5 milyon kilovatsaat artıqdır.
Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
"Sumqayıt ES-in optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilib, o cümlədən, cari ilin son üç ayı ərzində təmir qrafikinə uyğun olaraq 12 saylı qaz-turbin qurğusunda hava filtrləri yenisi ilə əvəz edilib.
Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir.
Ümumi gücü 525 MVt olan bu elektrik stansiyası 2009-cu ildə istismara verilmiş, hər birinin gücü 169 meqavat olan iki ədəd qaz və gücü 187 meqavat olan bir ədəd buxar turbinlərindən ibarətdir.