43 yaşlı Beyləqan sakini Xalid Pəsiyev böyrəyini satır.
Unikal.org xəbər verir ki, bu haqda məlumatı musavat.com yayıb. Xəbərdə bildirilir ki, X. Pəsiyevin sözlərinə görə, 10 yaşlı oğlunun xəstəliyi onu bu cür addım atmağa vadar edib: "Oğlum yerimir, anadangəlmə problemləri var. Həkimlər bildirirlər ki, xaricdə əməliyyat olunsa nəticə verər. İrana və digər yerlərə müalicələrə aparmışam.
Lakin müəyyən nəticələr olsa da sağlamlığında hələ ki ciddi dəyişikliklər yoxdur. Artıq uzun müddətdir ki, böyrəyimi satmağı düşünürəm. Bəzi dostlara da demişəm ki, böyrəyimi satmaqda mənə köməklik etsinlər. Sizin qəzetdə mərhum xalq artisti Eldəniz Zeynalovun oğlu üçün təcili donor axtarılması ilə bağlı yazını oxudum. Onların ailəsinə bu barədə müraciət etdim, lakin hələ ki mənə dəqiq bir söz deməyiblər. Mən isə oğlumun əməliyyatı üçün bu məsələni tezləşdirmək istəyirəm.
Xalid Pəsiyevin sözlərinə görə, ixtisasca əczaçıdır, bundan əvvəl aptek müdiri işləyib. Lakin hazırda Bakıda fəhlə işində çalışır, maddi durumu isə ürəkaçan deyil:
"Oğlumun vəziyyəti məni çox narahat edir. Fikirləşirəm ki, bir böyrəklə də yaşaya bilərəm. Maddi imkansızlıqdan bu cür addım atmağa məcburam.