Bakıda minik avtomobilinin sürücüsü və onun yanındakı sərnişin yol verməmək üstündə avtobus sürücüsünü döyüb. Hadisə dekabrın 26-da, saat 12.40 radələrində Yasamal rayonu ərazisində baş verib.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, döyülən avtobus sürücüsü 96 saylı marşrutda çalışır. Belə ki, 96 saylı manşrut üzrə hərəkət edən 10-TG-042 dövlət nömrə nişanlı avtobusun yolunu kəsərək "KİA markalı, 90-RG-545 dövlət nömrə nişanlı avtomobilin sürücüsü ilə avtobus sürücüsü arasında qarşıdurma yaranıb.

Təqdim olunan videodan da göründüyü kimi, avtobus sürücüsü avtobusu saxlayaraq onlarla söhbət etmək üçün yerə düşüb. Bu zaman «KİA»-nın sürücüsü və yanındakı sərnişin avtobus sürücüsünə hücum çəkərək onu döyməyə başlayıblar. Onları sərnişinlər sakitləşdirib.

Xəbərdə bildirilir ki, dava nəticəsində avtobus sürücüsünün alnı partlayıb və qan içində avtobusa qayıdaraq yoluna davam edib.

Məsələ ilə bağlı avtobusun məxsus olduğu şirkətin rəhbərliyi Daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.