Ermənistan Silahlı Qüvvələri tərəfindən 2016-cı ildə cəbhə xəttində atəşkəs rejimi ümumilikdə 21 611 dəfə pozulub.
Unikal.org xəbər verir ki, APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı monitorinqə görə, 2016-cı ilin yanvar ayında 3702, fevralda 3491, martda 3746, apreldə 3597, mayda 2475, iyunda 655, iyulda 370, avqustda 467, sentyabrda 460, oktyabrda 599, noyabrda 733, dekabrda isə 1316 atəşkəs pozuntusu faktı qeydə alınıb.
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60, 82 və 120 mm çaplı minaatanlardan, qumbaraatanlardan, iriçaplı pulemyotlardan, 122 mm çaplı D-30 tipli haubitsalardan istifadə etməklə Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.
Erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Ağdam, Füzuli, Cəbrayıl, Tərtər, Xocavənd, Goranboy, Qazax, Gədəbəy, Tovuz, Göygöl, Ağstafa və Naxçıvanda yerləşən mövqelərini atəşə tutub. Atəşkəs pozuntularının böyük hissəsi Qarabağ cəbhəsində baş verib.
Ermənistan silahlı qüvvələrinin bölmələri mövqelərimizə yaxınlaşmaqla çox saylı təxribatlar törətməyə cəhd göstəriblər. Silahlı Qüvvələrimizin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. Əvvəlcədən müəyyən edilmiş koordinatlara əsasən, düşmənin cəmləşdiyi nöqtələrə vurulan zərbələr nəticəsində erməni tərəfinin texnikası, şəxsi heyəti sıradan çıxarılıb. Bütün hallarda Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyəti nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədi və işğal olunmuş ərazilərdəki qoşunların təmas xəttində düşmənin təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Bu ilin yanvar ayında Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ yüksəkliyi Azərbaycan ordusunun nəzarətinə keçib. Həmin yüksəklik əlverişli və əhəmiyyətli olduğu üçün bölmələrimiz tərəfindən nəzarətə götürülüb, taktiki və mühəndis-istehkam baxımından gücləndirilib.
Aprel ayının ilk günlərində erməni silahlı bölmələri tərəfindən bütün cəbhə boyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqəsi də düşmən atəşinə məruz qalıb. Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib. Silahlı Qüvvələrimiz tərəfindən apreldə 2000 hektardan artıq ərazi azad edilib. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə fəaliyyət göstərən komanda-qərargah məntəqəsi qoşunlarımızın endirdiyi dəqiq cavab atəşi ilə darmadağın edilib, nəticədə düşmənin yüksək rütbəli zabitləri - polkovnik və generalları məhv edilib. Erməni tərəfi aprelin əvvəllərində cəbhədə baş vermiş 4 günlük müharibə zamanı 100-dək itki verdiyini açıqlasa da, APA-nın erməni mətbuatı və sosial şəbəkələrdə apardığı monitorinqlər nəticəsində məlum olub ki, ermənilərin real ölü sayı 300-dən, yaralı sayı 500-dən çox olub.
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında döyüş qarşıdurması zamanı erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri, ləvazimatlar, düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları, avtomobil texnikası və müxtəlif avadanlıq Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən ələ keçirilib.
Aprel ayında erməni silahlı bölmələri mövqelərimizi və təmas xəttinə yaxın yaşayış məntəqələrini beynəlxalq konvensiyalar tərəfindən qadağan edilmiş sursatlardan istifadə etməklə atəşə tutub.
Bu il Ermənistan Silahlı Qüvvələrinə məxsus 9 pilotsuz uçuş aparatı aşkarlanaraq Azərbaycan Hərbi Hava Qüvvələri Hava Hücumundan Müdafiə Qoşunlarının bölmələri tərəfindən sərrast atəşlə məhv edilib. Ermənistana məxsus daha 2 pilotsuz uçuş aparatı isə səhvən erməni bölmələri tərəfindən vurulub.
2016-cı ildə qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmalarında Silahlı Qüvvələrimizin də itkiləri olub.
Hazırda əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.
1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonra ATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.