Bakı şəhərinin mərkəzi və mərkəzinə yaxın ərazilərdə tikilən layihələrdə dekabrın sonuna 1 kv.m sahənin orta qiyməti 1837 manat təşkil edib.

Unikal.org xəbər verir ki, bu barədə Trend-ə dekabr ayında paytaxtın daşınmaz əmlak bazarında aparılan araşdırmaya əsaslanaraq, "AS Group Investment" Şirkətlər qrupu nəzdində Strateji araşdırmalar mərkəzindən məlumat verilib.

4 layihədə qiymət enişi müşahidə olunub. Bu, əsasən, ipoteka proqramının dayandırılması ilə əlaqədardır. Xatırladaq ki, 2016-cı ildə Bakı şəhərində inşa edilən əksər layihələrdə Azərbaycan Beynəlxalq Bankının xətti ilə 20 illik ipoteka təklif olunurdu. Bunun məntiqi nəticəsi olaraq, 2016-cı ilin yanvar-noyabr aylarında daşınmaz əmlakın tikintisinə və alışına (ipoteka daxil) ayrılan vəsaitin həcmi 181 milyon manat artaraq 1 695 milyon manat təşkil edib (Mərkəzi Bankın məlumatı). Layihələrdə mənzilin nağd satış qiyməti ilə ipoteka ilə satış qiyməti arasında 10-15% fərq var idi. Hazırda əksər layihələrdə mənzillər yalnız nağd satış qiyməti ilə təklif olunur ki, bu da layihədən asılı olaraq 1m² qiymətində 250 manatadək enişə səbəb olub.

Qiymət artımı isə əsasən tikintisi bitmək üzrə olan bəzi layihələrdə müşahidə olunur. Ümumilikdə, mərkəzə yaxın yerləşən layihələrdə qiymət artımı 50-300 manat təşkil edib.

Strateji araşdırmalar mərkəzinin proqnozuna əsasən, kəskin rəqabətə baxmayaraq, keyfiyyəti və etibarlı developer imicini üstün tutan tikinti şirkətləri bundan sonra da qiyməti artırmağa meyilli olacaq. Digər tərəfdən, dolların daha sərfəli investisiya alətinə çevrilməsi daşınmaz əmlak bazarına maliyyə axınını məhdudlaşdırır.

Proqnoza görə, tikinti şirkətlərinin müştəri uğrunda apardığı mübarizə daha da kəskinləşəcək.

Strateji araşdırmalar mərkəzi müştərilərə mənzil alan zaman, xüsusilə indiki zamanda tikinti şirkətini, tikintinin gedişatını, istifadə olunan materialları və təklif edilən xidmətləri dərindən araşdırmağı tövsiyə edir.