"Nazirlər Kabinetinin iclasındakı yekun nitqində prezident İlham Əliyev bir sıra vacib məqamlara toxundu. Bunların arasında 2017-ci ildə Azərbaycanda makroiqtisadi sabitliyin təmin edilməsi və inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi məsələləri xüsusi önəm daşıyır.
Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli bu fikirləri "Yeni Müsavata açıqlaması zamanı bildirdi. Onun sözlərinə görə, Neft Fondundan Mərkəzi Banka 7,5 milyard manat ekvivalentində təqribən 4,2 milyard dollar vəsaitin ayrılması bu məsələnin əsas tərəfi olan maliyyə təminatı problemini həll edir: "Bununla belə, onu da nəzərə almaq lazımdır ki, manatın nisbi sabitliyinin təmin edilməsi yolu ilə makroiqtisadi sabitliyin təmin edilməsi özündə məqsəd xarakteri daşımamalı, yaxşı koordinasiya olunmuş geniş islahatlar planının tərkib hissəsi olmalıdır. Əgər makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində monetar xarakterli tədbirlər istehsalın inkişafına, idxalı əvəz edə bilən məhsulların və qeyri-neft sektorunun eksport potensialının artırılmasına yönəlik tədbirlər kompleksi ilə tamamlansa, onda makroiqtisadi sabitliyin təmin edilməsi və inflyasiyanın birrəqəmli səviyyəyə endirilməsi sahəsində hədəflərə etibarlı şəkildə nail olmaq olar. Çünki makroiqtisadi sabitlik və inflyasiya, qiymət artımı təkcə monetar amillərdən asılı deyil, bundan əlavə ölkə iqtisadiyyatında gedən proseslərdən doğan amillər, sərmayə qoyuluşunun strukturu və səmərəlilik dərəcəsi, idxal-ixracın səmərəlilik dərəcəsi, tədiyyə balansının durumu, idxal inflasiyası və sair kimi məsələlər də var. Bununla yanaşı, birrəqəmli inflyasiyaya nail olmaqdan ötrü pul-kredit siyasətinin məqbul hədləri aşmamaq şərtilə optimal zaman kəsiyində sərtləşdirilməsi ilə yanaşı, istehsalı stimullaşdırmaq, həmçinin inhisarçılıq, süni qiymət artımı və sair kimi amillərə qarşı da mübarizə tələb olunur.
Ə.Məsimli qeyd etdi ki, prezidentin qaldırdığı ikinci vacib məsələ bank sektorunda yaranmış vəziyyət və onun ölkə iqtisadiyyatına vurduğu ziyandır: "Banklar iqtisadiyyatın qan-damar sistemidir. Qan-damar sistemi normal işləməyəndə orqanizmin normal fəaliyyət göstərməsindən söhbət gedə bilməz. Doğrudur, xüsusən ötən il maliyyə sisteminin islahatları istiqamətində bir sıra addımlar atıldı. Bunun müəyyən təsiri olsa da, real nəticələri az oldu. Bank sahəsində problemlərin həllini sürətləndirməkdən ötrü maliyyə-bank sisteminin islahatları və sağlamlaşdırılmasına dair məqsədli proqram hazirlanıb həyat keçirilməli, həmin proqram əsasında bank sistemində köklü islahatlar getməlidir. Maliyyə-bank sisteminin sağlamlaşdırlması istiqamətində hazırda görülən işlərə sistem xarakteri verilməli, bu proses daha geniş planda davam etdirilməlidir. Hazırkı dövrün çağırışları əsasında demək olar ki, sistemli islahatlar əsasında çox ciddi bir problemin həllinə yönəlik tədbirlər həyat keçirilməlidir: maliyyə sisteminin sağlamlaşdırılmasına nail olunmalıdır, bank sektoru isə real sektorun inkişafı yolundakı maneədən bu sahənin inkişafında yaxından iştirak edən instituta çevrilməlidir.
Deputat hesab edir ki, həmin problemi həll etmədən qeyri-neft sektorunun maliyyə təminatı məsələsini etibarlı şəkildə həll etmək mümkün olmayacaq: "Bu istiqamətdə həlli vacib olan məsələrdən biri də dollarla olan kreditlərlə bağlı problemin həllidin sürətləndirilməsidir. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar, narazılıq azalar, bankların işi yaxşılaşar və əhalinin banklara inamı artar və bu da iqtisadiyyata güclü təkan verər.
İqtisadçı deputatın sözlərinə görə, dövlət başçısının üzərində dayandığı üçüncü mühüm məsələ sənayeyə göstərilən diqqətdir: "Bu mənada 2016-cı ildə qeyri-neft sənaye potensialının inkişafı ilə bağlı ciddi addımları göstərmək olar. Sumqayıt Texnologiyalar Parkı və Kimya Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və bu istiqamətdə atılan digər addımlar qarşıdakı illərdə ölkədə qeyri-neft sənayesinin inkişafına böyük təkan verməklə həm yerli təlabatıın ödənilməsinə, xüsusən də eksport imkanlarının genişlənməsinə öz töhfəsini verə biləcək.
Ölkə başçısının xüsusi vurğuladığı digər məsələlərə gəldikdə, deputat bunları bildirdi: "Kənd təsərrüfatının inkişafının sürətləndirilməsi bu sahənin yerli tələbatın ödənilməsində və qeyri-neft sektorunun eksport imkanlarının genişləndirilməsində rolunun artırılması məsələsidir. Burada taxılçılıqla yanaşı pambıqçılıq, tütünçülük, baramaçılıq və digər sahələrin də inkişafının genişləndirilməsi nəzərdə tutulur. Bu sahəyə investisiya tələbatı səviyyəsində sərmayə qoyulsa, sərmayələrdən öz təyinatına görə səmərəli istifadə olunsa və həm də beynəlxalq təcrübədən yaralanaraq dövlət dəstəyi şəraitində özəl təşəbbüsə geniş meydan verilsə, qısa zaman kəsiyində əmək məhsuldarlığın əhəmiyyətli dərəcədə artırmaq və hədəflərə nail olmaq olar. Beşinci vacib məsələ kimi tikinti sektorunu canlandırmaqla onun multiplikativ effekti vasitəsilə onlarla sahənin işinin canlanmasına pozitiv təsir məsələsidir. Bu yöndə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi həm sosial evlər layihəsinin reallaşdırılması yolu ilə sosial xarakterli problemlərin həllini sürətləndirmək, əhalinin mənzil təminatını yaxşılaşdırmaq, yeni iş yerləri açmaq, tikinti sənayesinin inkişafını sürətləndirmək və sair istiqamətlərdə xeyli müsbət nəticələr əldə etmək olar. Altıncı məsələ turizmin inkişana yeni vüsət verməkdir. Bu sahədə Azərbaycanın yetərincə potensialı olsa da, həmin potensiala layiq səviyyədə uğur qazanmaqdan ötrü ən azından yaşadığımız region səviyyəsində rəqabəti udmalıyıq. Rəqabəti udmaqdan ötrü isə xidmətin keyfiyyəti yüksəlməli, qiymətlər rəqabət qabiliyyətli səviyyəyəcən aşağı salınmalı, ekoloji təmiz məhsul hesabına rəqabət qabiliyyətinə əlavə güc verilməli və sair istiqamətlərdə məqsədyönlü fəaliyyət göstərilməlidir.
Ə.Məsimli qeyd etdi ki, 2016-cı il gözlənildiyi kimi, iqtisadi baxımdan Azərbaycan üçün çox ağır və çətin il oldu: "Ölkənin iqtisadi durumunu xarakterizə edən inteqral göstərici - ÜDM 4 faizə yaxın azaldı. Ölkə iqtisadiyyatına sərmayə qoyuluşları 28 faiz aşağı düşdü. Əhalinin nominal gəlirlərinin 7 faiz artması fonunda inflyasiya 12 faizi ötdü və bu da əhalinin real gəlirlərinin 5 faiz bəndi azalmasına səbəb oldu. 2015-ci ildəki iki şok devalvasiyadan sonra da manatın dollara nisbətdə mübadilə kursu zəifləməkdə davam etdi və 13 faiz aşağı düşdü. Bununla belə, ötən il - 2017-ci və sonrakı illərdə islahatları dərinləşdirməkdən ötrü həm proqram təminatı, həm hüquqi təminat, həm institusional sahədə çox mühüm addımlarla müşayiət olunan bir il oldu. Azərbaycanın orta və uzunmüddətli dövr üçün iqtisadi inkişaf hədəflərini müəyyənləşdirən strateji yol xəritəsi və hüquqi bazasını təşkil edə biləcək xeyli qanunvericilik sənədləri qəbul edildi, eləcə də qanunlara əlavə və dəyişikliklər edildi. Bir sözlə, ötən il islahatlar gözlənilən templərlə getməsə də, islahatları genişləndirmək və dərinləşdirməkdən ötrü sadaladığımız istiqamətlərdə zəruri zəmin yaradıldı.
Dövlət başçısının hökumətin qarşısına qoyduğu prioritet vəzifələrlə bağlı gözləntilərə gəldikdə, Ə.Məsimli əmindir ki, qarşıya qoyulan vəzifələrin hamısının hədəfə çatması sistemli islahatlardan keçir: "Strateji yol xəritəsində nəzərdə tutulan tədbirlər, o cümlədən sadaladığımız işlər kompleks və sistemli şəkildə həyat keçirilə bilsə, getdikcə dağıdıcı xarakter alan böhran uzanmaz, itkilərimiz artmaz, bu halda 2017-ci il son böhran ili olar və yeni inkişaf trayektoriyasına çıxa bilərik.