Xəbər verdiyimiz kimi, bu gün axşam ABŞ Mərkəzi Bankının (FED) iclası keçiriləcək. Qurumun dünya valyuta bazarlarında mühüm yer tutduğunu nəzərə alsaq, bütün diqqətlərin oraya yönəldiyini deyə bilərik. İclasda FED-in yeni addımlar atacağı gözlənilməsə də, valyuta bazarlarında həlledici olacaq mesajların veriləcəyi təxmin edilir.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu məqamda iqtisadçı ekspert Rəşad Həsənovun axşam keçiriləcək iclas barədə ilkin proqnozlarını öyrənib. Ekspert bildirib ki, axşamki iclasdan sonra qısamüddətli dövr üçün dolların zəifləməsi müşahidə olunacaq:
"İnvestorlar və beynəlxalq maliyyə institutları gözləyir ki, bugünkü toplantıda FED uçot dərəcəsinin artırılması ilə bağlı hər hansı bir qərar verməyəcək. Ancaq ABŞ iqtisadiyyatının son göstəriciləri onu deməyə əsas verir ki, növbəti toplantılarda bu istiqamətdə mesajlar çatdırılacaq. Bu mesajların özü dolların mövqeyinə müəyyən qədər təsir göstərə bilər. Yatırımçıların əsas gözləntisi uçot dərəcəsinin artırılması istiqamətində olduğuna görə dolların ciddi möhkəmlənməsi hiss olunmur. Buna baxmayaraq bugünkü toplantının nəticələrindən asılı olaraq dolların Britaniya valyutası, avro kimi valyutalara qarşı mövqeyini cüzi faizlərlə itirməsi müşahidə oluna bilər. Onu da nəzərə almaq lazımdır ki, İnkişaf Etməkdə Olan ölkələrin iclasa diqqəti böyükdür və bu ölkələrin valyutaları da baş verən proseslərə öz reaksiyasını verir. Xüsusilə, mart ayının 10-dan sonra bu valyutalara qarşı dollarda müəyyən möhkəmlənmə baş verib".
İqtisadçının sözlərinə görə, qısa müddətlik ucuzlaşmadan sonra dolların dünya bazarındakı yerini möhkəmlətməsi qaçınılmazdır:
"Dolların zəifləməsi milli valyutaların öz mövqeyini yenidən bərpa etməsinə gətirib çıxaracaq. Amma gözlənilən odur ki, verilən mesajlardan asılı olaraq qısa müddətdən sonra dolların möhkəmlənməsi prosesi başlayacaq. Çünki birjaların gözlədiyi 2016-cı il ərzində uçot dərəcəsinin artırılması ehtimalı yüksəkdir və hər toplantı geridə qaldıqca növbəti toplantı üçün risklər daha çox olur. Yəni, qısa müddətlik dollar ucuzlaşacaq, ancaq sonra yenidən bahalaşma baş verəcək. Ucuzlaşmanın səbəbi isə bu günə kimi səhmdarların, investorların tutduğu mövqedir".
R. Həsənov onu da qeyd edib ki, dollar ucuzlaşması manatın məzənnəsinə cüzi miqdarda təsir göstərə bilər:
"Dolların dünya bazarındakı mövqeyinin manatın məzənnəsinə müəyyən təsiri var. Amma manatın məzənnəsinin formalaşmasında neftin qiyməti başlıca rol oynayır. Dolların möhkəmlənməsi də neftin ucuzlaşmasına gətirib çıxarır və yaxud tam əksinə. Bu hər iki faktor manata paralel təsir göstərir. Əgər dollar birjalarda ucuzlaşarsa, manatın dollara nisbətdə az da olsa möhkəmlənməsi, avroya nisbətən isə ucuzlaşması gözlənilir".