Lerik rayonunda quldurluq hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayon ərazisindəki "Relax" istirahət mərkəzinin yaxınlığında baş verib.
Belə ki, 4 nəfər naməlum şəxs Lənkəran-Lerik magistralında hərəkət edən avtomobili saxlatdıraraq sürücüyə yaxınlaşaraq sürücüdən onları həmin istirahət mərkəzinə aparmalarını xahiş ediblər. Ancaq onlar mərkəzə çatmağa az qalmış sürücünü ölümlə hədələyərək avtomobili saxlamağı tələb ediblər və daha sonra onun paltarlarını soyundurmağa başlayıblar. Naməlum şəxslər sürücünü qətlə yetirməyə nail ola bilməyiblər. Çünki sürücü cəld tərpənərək həmin şəxslərdən birinə xəsarət yetirib və meşə ərazisinə qaçmağa müvəffəq olub. Əslində naməlum şəxslərin məqsədlərinin avtomobili ələ keçirmək olduğu məlum olub.
Bundan sonra hadisə barəsində Daxili İşlər Nazirliyinin (DİN) "102 xidməti"nə məlumat verilib. Həmin şəxslər kimliyi müəyyənləşdirilərək polis tərəfindən saxlanılıblar.
Lerik Rayon Polis Şöbəsindən də "Report"a faktı təsdiqləyiblər.