Ağstafada avtomobil körpüsünün altında çoxlu sayda hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Unikal.org-a verilən məlumata görə, Ağstafa rayonu Qırlı kəndində Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 26 yanvar 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 250 kv.m ərazi yoxlanılıb.