"Yanğın haqda məlumat bu gün saat 17.01 radələrində Fövqəladə Hallar Nazirliyi(FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) daxil olub. Dərhal ərazi üzrə hadisə yerinə Yasamal Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub".

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu FHN DYMX-nin Yanğınsöndürmə qərargahının rəisi Əkbər Novruzov deyib.

O bildirib ki, yanğınsöndürənlər hadisə yerinə 17.10-da çatıb: "Yanğının mürəkkəbliyi nəzərə alınaraq 2 saylı çağırış elan olunub. Dərhal Bakı qarnizonunun qüvvə və vasitələri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə 13 yanğın avtomobili, 90 nəfərə yaxın şəxsi heyət cəlb olunub. Yanğın ümumi həyət tipli bir tərəfi 2 mərtəbəli, digər tərəfi 3 mərtəbəli taxta konstruksiyalardan ibarət olan mənzillərdə baş verib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 4 nəfər sakin xilas olunub, uçqun altında qalan 1 nəfər qadın meyiti aşkarlanıb".

Ə. Novruzov qeyd edib ki, xilas olunanlardan 2-si qadın, 2-si isə kişidir: "Xilas olunanlardan 2 nəfəri ağır yataq xəstələridir. Bir nəfər qadın əl nahiyəsindən aldığı yanıq xəsarətlərindən Respublika Yanıq Mərkəzinə aparılıb, ona ilkin yardım göstərilib. Yanğının baş verməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır. Təhqiqat işlərinin nəticəsindən asılı olaraq yanğının başvermə səbəbləri müəyyən olunacaq. Pilləkən qəfəsləri taxta konstruksiyadan olduğundan yanğının ilk olaraq qısa müddətdə mənzillərə yayılma təhlükəsi sürətli olub, nəticədə insanlar alovun mühasirəsində qalıblar. Yanğınsöndürənlərin səyi nəticəsində insanlar xilas olunub. Yanğının söndürülməsi 35-40 dəqiqə çəkib. Hazırda konstruksiyaların sökülmə işləri davam edir".

***

19:09


Bakının "Sovetski kimi tanınan ərazisində yanğın başlayıb.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə Akademik Milli Dram Teatrı yaxınlığında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

****
18: 30

Bakıda yaşayış binasında baş verən yanğında bir nəfər ölüb.

Unikal.org xəbər verir ki, apa-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, ölən şəxs yanğın baş verən mənzillərdən birinin sakini, 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibovadır.

Qeyd edək ki, yanğın zamanı tüstüdən zəhərlənən başqa bir qadına - 1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya təcilli tibbi yardım briqadasının həkimləri tibbi yardım göstəriblər. Qadının vəziyyəti sabitləşib.

***

Bakı şəhəri, Yasamal rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.