Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsindəki qaçqın yataqxanalarında məskunlaşan məcburi köçkünlər sayğacların quraşdırılmasına etiraz ediblər.
Unikal.org xəbər verir ki, musavat.com-un müxbiri adıçəkilən ünvanda olub, məcburi köçkünlərin gileylərini dinləyib.
Məcburi köçkünlərin narazılığına səbəb olan amillərdən biri də Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun AzTV-dəki çıxışı olub. Əli Həsənovun qaçqınlara dediyi "pulu hara gəldi xərcləməsinlər, sevinib bazara qaçmasınlar sözləri onları özündən çıxarıb.
Bundan əlavə, deputat Hadı Rəcəblinin çıxışındakı "pilətə yandırıb, pəncərəni açıq qoyurlar ifadəsi məcburi köçkünlərin etirazına səbəb olub. Yataqxanada bəzi evlərin pəncərəsinin belə olmadığını deyən qaçqınlar bu kimi çıxışların yersiz olduğunu bildiriblər.
Məcburi köçkünlərin sözlərinə görə, qaz olmadığı üçün həm yemək bişirmək, həm evi qızdırmaqdan ötrü elektrik pilətələrindən istifadə edirlər. Bu səbəbdən hər ailənin sərfiyyatı 200-250 manatdan artıq olur. 4 nəfərlik ailəyə verilən 144 manatlıq aylıq müavinət isə onların elektrik xərclərinin yarısını ödəyir. Bu səbəbdən qaçqınlar məhz normal şəraiti, qazı, işığı olan evlərə köçürüldükdən sonra sayğacların quraşdırılmasını tələb edirlər.
Daha ətraflı təqdim edəcəyimiz videodan izləyə bilərsiniz