Onlar hər gün axşam "Neftçilər" metrosunun qarşısına toplaşırlar. Qədim "peşə"nin sahibləri adlandırılan küçə fahişələri yeraltı keçidin çıxışında yığışaraq ətrafdan keçən gənc oğlanlara göz vurur, astadan söz atır, ucuz intim xidmət təklif edirlər. Dünən axşam da "ənənə"lərinə sadiq qalmışdılar.
 
Unikal.org Publika.az-a istinadən xəbər verir ki, əyinlərində bədən ölçülərilə tərs mütənasib olan dar, açıq-saçıq paltarları ilə çoxlarının diqqətini cəlb etməyə çalışan fahişələr ucadan danışır, qəhqəhə çəkib gülür, gənclərə naz-işvə satır, müştəri axtarırdılar.
 
Burada cəmi 1-2 dəqiqə dayanmışdım ki, boyca hündür, 43-45 yaşlı, üzü çopur qadın özü dərhal bizi müştəri hesab edərək yaxınlaşdı. Əynində qara dəri gödəkcəsi, cins şalvarı və ağ koftası vardı. Yaşını gizlətmək, "gözəl" görünmək üçün kosmetikadan o qədər istifadə etmişdi ki, qırmızı, ağ boyalar sifətinə qeyri-adi görkəm bəxş etmişdi.
 
Məni çoxdan tanıyırmış kimi düz qarşımda dayandı. Baxışları ilə təpədən-dırnağadək süzərək süni təbəssümlə:
- Gedək?
- Hara?
- Evim var, 20 manat verərsən. Amma pulu əvvəldən vermək şərtilə. Hər şey bunun (pulun) içindədir.
- Evin haradadır?
- Burada, yaxındadır.
Bir az sağa-sola, ətrafdan keçənlərə baxaraq məni yenidən təpədən dırnağadək süzdü:
- Nə oldu? Gedirik? Tanış maşın (sürücü) var.
- Hələ bir gözlə. Evin haradadır?
- Dedim də, burada – yaxınlıqdadır. (Tələsik) Gedirik?
Susqunluğumu görüb, var-gəl etməyə başladı:
- İstəyirsən, avtobusla gedək.
 
Bunu deyib diqqətlə üzümə baxdı. Yeraltı keçidə tərəf bir neçə metr addımladıqdan sonra yenidən geri qayıdıb qarşımda dayandı. Gözlərini gözlərimə zillədi:
 
- Nə deyirsən, gedirik? Mənə ya hə de, ya da yox, işimi bilim. İndi müştərilər gələcək.
- Gözlə bir az. Adın nədir?
- Adımı neynirsən?
- Bir bilim də səni necə çağıracam.
- Gülya.
- Gülya, harada yaşayırsan?
Üz-gözünü turşudaraq:
- Sənə mənim evim lazımdır, ya başqa şey..?
Məni müştəri hesab etdiyindən sualların ardı-arası kəsilmir:
- Başqa qızı gözləyirsən?
- Yox.
- Onda gedək də!
- Adam var, onu gözləyirəm. Gəlsin sonra, sən özündən danış görək.
- (Araya söz qataraq) Adam kimdir? Dostun? Rəfiqəm buradadır, istəyirsən, onu da çağırım. O da dostunla gedər. Əla qızdır.
- Rəfiqən hanı?
Arxaya çevrilərək bizdən bir neçə metr kənarda dayanan qadınlardan birini göstərdi:
- Odey... Amma dostunun ürəyi hansını istəyir, seçsin.
- Yaxşı, qoy, gəlib çıxsın. Bu dəqiqə çatacaq bura. Bir az gözləyək. Gülya, neçə yaşın var?
- Otuz altı.
Yalan danışdığı saxta təbəssümündən hiss olunurdu.
- Övladın, uşağın var?
- ...     
Elə bu vaxt ətrafda gəzişən iki gənc bizə tərəf addımladı. Hiss olunurdu ki, gecə əyləncəsi axtarışındadırlar, küçə qadınlarının "ov"una çıxıblar. Gəncləri görən kimi dərhal məndən aralandı və onlara üz tutdu. Astadan söhbətə başladılar. Oğlanlardan biri qadının qolundan tutub kənara, gediş-gəlişin az olduğu yerə çəkdi. Bir-iki dəqiqəlik söhbətdən sonra hər üçü səslərini qaldırdı, mübahisə başlandı. Söhbətin gedişindən qiymət məsələsində razılığa gələ bilməmələri hiss olunurdu.
Bir neçə dəqiqə söhbət etdikdən sonra ayrıldılar. Qadın müştərilərin əlindən çıxdığını görüb yenidən mənə yaxınlaşdı:
- Nə oldu? Dostun gəlib çıxmadı?
- Bir az gözləyək. Söhbət edək, zəng vurdum, dedi çatıram. Özündən danış görək.
- Nə danışım e. Danışmaqdan xoşum gəlmir.
 
Bir neçə metr kənarda dayanan iki fahişə isə bayaqkı kimi ətrafdakıların diqqətini çəkən hərəkətlərilə seçilirdilər. Qeyd edək ki, bu ərazinin daimi "sakinləri"nin vurnuxmaları, müştəri axtarışına çıxmaları ərazidəki marketlərin işçilərinin, küçə satıcılarının da diqqətini cəlb edir. Ticarətçilər bu qadınları hər gün axşam burada görsələr də, sanki ilk dəfə görürmüşlər kimi diqqətlə baxırdılar.
 
Fahişələrdən biri 40-45, digəri boyca hündür qadın isə təxminən 50 yaşındaydı. Bununla belə, gənclərin marağını cəlb edə bildilər. Bir neçə dəqiqə əvvəl metrodan çıxmış daha iki gənc hündürboylu qadına yaxınlaşıb söz atdı:
- Gözəl, necəsən?
- Əla...
- Neçəyə çıxırsan?
- Otuza (manata)...
- Bahadı... Aşağı elə.
- Nə baha e..? Məzənnə budur da. İyirmi beş verərsən, iyirmisi mənim, beş manat da evin. Aşağı yeri yoxdur.
- İyirmi verim gedək.
- Yox vallah, sərf eləmir.
 
Qadın müştərilərini diqqətlə süzərək uca səslə əlavə etdi:
- İyirmi azdır, beş də əlavə et.
 
Söhbət getdikcə uzandı. Elə bu vaxt qadınlardan birinin mobil telefonuna zəng gəldi. O, bir neçə saniyə nömrəyə diqqətlə baxaraq nəhayət telefonu açdı:
- Hə Naza...
Rəfiqəsinin başının telefon söhbətinə qarışdığını görən digər fahişə isə yeni müştəriləri əldən buraxmayaraq onlarla söhbəti davam etdirdi. Onlar birlikdə söhbət edə-edə bir qədər kənardakı ağacların altına çəkildilər. Müşahidələrimizi davam etdirmək üçün onlara yaxınlaşdıq.
 
Ətrafda şütüyən avtomobillərin işıq zolaqlarının kəsib keçdiyi, ani olaraq işıqlandırdığı qaranlıq yerdə əsl "bazar" söhbəti gedirdi. Gənclər qadınları əldən buraxmamağa, intim qiymətləri endirməyə çalışırlar. Üz-gözündən yoluxucu xəstəlik daşıyıcısı olan qadın isə öz növbəsində müştərilərinə öz qiymətini diktə edirdi.
 
Onlar təxminən 5 dəqiqəyədək çəkən söhbətin nəticəsində razılığa gələ bilmədiklərindən ayrıldılar. Oğlanlar yerüstü keçidin yaxınlığındakı avtobus dayanacağına, fahişə isə yeni müştəri arzusuyla metro stansiyasının qarşısındakı yeraltı keçidin girişinə tərəf üz tutdular. Bayaq telefonla danışan qadın bir qədər sonra rəfiqəsinə yaxınlaşdı.
Onların ətrafda var-gəl etməsi bu dəfə iki yox, üç nəfərin diqqətini cəlb etdi. Oğlanlar qadınlara yaxınlaşıb əvvəlcə söz atdılar. Daha sonra isə söhbətə girişdilər.
 
İki-üç dəqiqə sonra gözləmədiyimiz hadisə baş verdi: yaşı təxminən 28-29 olan oğlanlardan biri hündürboylu qadının qolundan tutaraq onu özünə tərəf çəkdi və "gedək", – dedi. Qadın dartınaraq oğlanın əlindən çıxmağa can atsa da, buna nail ola bilmədi. Buna görə də qışqırıb ətrafdakıların diqqətini cəlb etmək istədi.
- Burax, burax deyirəm, nə istəyirsən e məndən?
- Sakit dur..!
- Əl çək də məndən. Durmuşam burada.
 
Oğlan onun qolundan dartmaqda davam edirdi
 
- Məni hara aparırsan?
- Maşına...
- Nə maşın?
- Özün görəsən nə maşındı.
Oğlan bunu deyib, özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim etdi və qadını haradasa "dayanmış maşına" tərəf dartmağa çalışdı. Qəribə idi - yanındakı yoldaşları bu işdə ona kömək etmirdilər. Qadın oğlanın əlindən çıxmağa çalışır, "asayiş keşikçisi" isə onu harasa dartıb aparmaq istəyirdi. Fahişə ilə təkbətək bacara bilməyəcəyini görən oğlan üzünü yanındakılara tutub "Götürün bunları, nəyə dayanmısınız?" – deyə onların üstünə qışqırdı. Elə bu vaxt fahişə də "asayiş keşikçisi"nin əlindən qurtula bildi. Lakin çox uzağa qaçmadı, yaxınlıqdakı marketə girdi.
Oğlanlardan biri dərhal onun dalınca içəri daxil oldu. O, qadına tərəf qaçaraq onun qolundan yapışdı və şillələməyə başladı. Onun "ay camaat, bunlar banditdir, mənə kömək edin", - səs-küyünə ətrafdan keçənlər də toplaşdı. Qadın nəhayət, oğlanlardan canını qurtara bildi. "Asayiş keşikçiləri" onu çox da təqib etməyib geri qayıtdılar.  
Bir qədər kənardakı digər, üçüncü fahişə isə hay-küy qopduğunu görüb aradan çıxmışdı. Özlərini "asayiş keşikçiləri" kimi təqdim edən oğlanlar onu axtarsalar da, tapa bilmədilər. Buna görə gözdən itdilər.