ABŞ prezidenti Donald Trampın administrasiyası ölkəyə gələn miqrant və qaçqınların əsasən dini etiqad azadlığına dair Amerika dəyərlərini qəbul etmələri üçün zəmanət sistemi hazırlayacaq.
Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp bildirib.
"Biz ölkəmizdə zərrə qədər də qeyri-tolerantlığın yayılmasına imkan verməyəcəyik... Yaxın günlərdə yaradacağımız sistem ölkəyə gələnlərin dini azadlıqla bağlı dəyərlərimizi tam qəbul etməsini təmin etməyə kömək edəcək və onlar təzyiq və diskriminasiyanın istənilən formasından imtina edəcəklər, - deyə Tramp dini liderlərlə ənənəvi birgə səhər yeməyi zamanı bildirib.
"Biz insanların ölkəmizə gəlməsini istəyirik, lakin biz onların həm də bizə və dəyərlərimizə nifrət deyil, hörmət etməsini istəyirik, - deyə Tramp əlavə edib.
Qeyd edək ki, D. Tramp ötən həftə İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Fərman ölkədə və dünyada geniş etirazlara səbəb olub.