Günün ikinci yarısında davam edən proses haqqında vəkil Sadiq Rəsulov məlumat verib.
Unikal.org-un lent.az-a istinadən məlumatına görə, vəkil bildirib ki, məhkəmədə vəsatət qaldıraraq Çovdarov barəsində holter müayinəsi keçirilməsini istəyiblər: "Sonuncu dəfə Çovdarov barəsində holter müayinəsi 2016-cı ilin fevral ayında keçirilib. İşemiya və ritm xəstəliklərini həmin aparat müəyyən edir. Çovdarov holter aparatından keçmədiyi üçün həkimlər ona müalicə yaza bilmirlər, çünki onun vəziyyətini müəyyən etmək mümkün deyil".
Vəsatət təmin edilməyib. Hakim bildirib ki, bu məsələ onların səlahiyyətində deyil.
Günün ikinci yarısında Azercell "Telekomun danışıq kartlarının topdansatışı biznesi ilə məşğul olan "Baktel MMC şirkətinin sahibi Zaur İbrahimov ifadə verib.
O istintaqa verdiyi ifadəsini təsdiqləyərək Çovdarov və işçiləri tərəfindən ofisinə basqın edildiyini, zorla MTN-ə aparıldığını deyib. Daha sonra isə hədə-qorxu ilə ondan 525 min ABŞ dolları pul alınıb: "MTN-də Çovdarov bizimlə 1 saata yaxın "milli təhlükəsizliyin qorunması mövzusunda söhbət apardı, bildirdi ki, mənim şirkətinin "Aytel MMC-yə 550 min dollar borcu var. Sonra dedi ki, pul ödənilməlidir, Eldar Mahmudova çatacaq. Mən bildirdim ki, elə bir borcdan xəbərim yoxdur. Hədə-qorxu gəldi məcbur olub dostdan tanışdan yığıb pulu 525 min dollar verdim".
Çovdarov isə məhkəmədə bildirib ki, həmin şəxsdən pul almayıb: "Zauru qəbul eləmişəm. Tanışım dostuydu. Söhbət apardıq. Ona borclu olanlar var idi. Həmin məsələ ilə bağlı görüşmüşdük. Bilirdim ki, həmin adamlar problemli adamlardır. Dedim ki, get qanuni yolla ala bilirsənsə, pulunu al".
Məhkəmə fevralın 8-də davam edəcək.