"Gələcəkdə devalvasiya olacağı təqdirdə vətəndaş bundan zərər görməsin deyə banklara kompensasiya verilməsinin tərəfdarıyam".
Bu sözləri Unikal.org-a iqtisadçı ekspert Samir Əliyev deyib. O qeyd edib ki, hökumət banklara dəstək verməlidir: "Birinci devalvasiya olandan sonra mən məsələ qaldırdım. Mətbuatda da bununla bağlı çıxış etdim. Qeyd etdim ki, bu məsələni bankların və vətəndaşların üzərinə atmaq olmaz. Burada banklarla vətəndaşlar üz-üzə qalırlar. Bank sektoru və ölkə iqtisadiyyatı üçün təhlükə var. Hökumət banklara və vətəndaşlara dəstək verməlidir. Hökumətə təqdim etdiyim müraciətdə qeyd etdim ki, banklara kompensasiya verilməlidir. Aydın məsələdir ki, bankların verdiyi kreditlərin faizi yüksəkdir. Həmin dövrdə vətəndaşlara kreditlərlə bağlı güzəşt olundu. Nəzərə alaq ki, bankların özlərinin də öhdəliyi var. Bank vətəndaşlara dollarla əmanət qaytarmalıdır. Əgər vətəndaş dollar kreditini qaytara bilmirsə bank da öz növbəsində dollar əmanətini qaytara bilməyəcək. Burada eyni zanda başqa bir tərəfin hüquqları pozulur. Belə halların mövcudluğu səbəbindən bir neçə bank bağlandı. Baxmayaraq ki, bunun ən böyük zərbəsi vətəndaşa dəyir. Banklara da öz növbəsində bu ciddi zərbədir. Çalışmaq lazımdır ki, dollar kreditləri manata çevrilsin. Gələcəkdə devalvasiya olacağı təqdirdə vətəndaş bundan zərər görməsin. Hər bir halda mən banklara kompensasiya verilmsinin tərədarıyam".