Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyir ki, hazırda ən aktual məsələlərdən biri kənd qadınları, aztəminatlı ailələrin arasında sahibkarlığın inkişaf etdirilməsidir
Əhalinin aztəminatlı hissəsinin məşğulluğunun təmini hər zaman diqqət mərkəzində olub. İndi əsas məqsədlərdən biri kənd yerlərində əhalinin məşğulluğunun təminidir ki, bu problem də təsərrüfatların yaradılması və kənd təssərrüfatı sektorunun dirçəldilməsi ilə tədricən aradan qaldırılır.
Bu gün kənd yerlərində qadınlara nisbətən kişilərin məşğulluğu təmin olunsa da, qadınlar bu məsələdə geridə qalır. Amma son vaxtlar aparılan uğurlu fəaliyyət nəticəsində kənd yerlərində qadınların da məşğulluğunun artırılması istiqamətində iş aparılır. Artıq belə demək mümkünsə, kənd yerlərində qadınların nəinki işlə təmin olunması, sahibkara belə çevrilməsinə şərait yaradılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, hazırda "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı texniki yardım layihəsi həyata keçirilir. Komitədən bildirdilər ki, bu layihə 2011-ci ildən Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı ilə birgə başlanılıb. Layihə, qadınların və qızların iqtisadi hüquqlarını, imkanlarını və qadınların sahibkarlıq fəaliyyətinə yatırımları təşviq edən 2008-2013-cü illər üçün BMTİP-nin Gender Bərabərliyi üzrə Strategiyasında qeyd olunan əsas prioritetlərə uyğunlaşdırılıb. Layihə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı və "2006-2015-ci illər Azərbaycan Respublikasının Məşğulluq Strategiyasında qeyd olunan zəif qrupların, yəni gənc qadınlar, tənha analar, əlil qadınların iqtisadi durumunun gücləndirilməsini təşviq etməyə, qadınlar arasında sahibkarlığı və özü-özünə məşğulluğu və onların biliklərinin təkmilləşdirilməsinə yönələn strategiyaya uyğun hazırlanıb. Layihənin məqsədi kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. Layihə Biləsuvar, Salyan, Sabirabad, Neftçala və Masallı rayonlarında həyata keçirilir. Layihə çərçivəsində 2013-ci ildə Sabirabad rayonunda, 2015-ci ildə Neftçala rayonunda, 2016-cı ildə Masallı və Biləsuvar rayonunda Qadın Resurs Mərkəzi yaradıl. Layihə çərçivəsində 2014-cü ildə Sabirabad Rayon Qadın Resus Mərkəzinin üzvləri üçün "Öz biznesinə başla və onu inkişaf etdir mövzusunda təlim keçirilmişdir. Təlimdə 14 qadın iştirak edib. Proqramı bitirən qadınlar arasında müsabiqə aparılıb və 7 ən yaxşı mikro layihə təklifi müəyyən edilib. Müsabiqənin qaliblərinə qeyri pul şəklində, yəni arzuolunan biznesin qurulmasına lazım olan təhcizat yardım göstərilib. Hazırda Sabirabad rayonunda 7 mikro layihə fəaliyyət göstərir - 3 heyvandarlıq, 1 cücə saxlama, 1 pərdə tikişi, 1 kosmetika satışı və 1 xınayaxdı mağazası. Bizneslər dövlət qeyydiyatına alınıb. "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı, hazırda adı "Gənc və əlilliyi olan qadınların iqtisadi və sosial həyatda səlahiyyətləndirilməsi olan layihə 2014-cü ilin dekabr ayından etibarən Koka- Kola Fondunun maliyyə yardımı ilə Neftçala rayonunda davam etdirilir. 2014-cü ilin dekabr ayında Bakıda 21 əlil qadının iştirakı ilə "Öz Biznesini Yarat təlimi həyata keçirilmiş, iştirakçılara sahibkarlıq fəaliyyətinə qoşulmaq üçün lazım olan biliklər verilmiş və ilk biznes planlar tərtib olunaraq maliyyələşmə üçün ekspert qiymətləndirilməsi və donorun təsdiqinə göndərilmişdir. 2015-ci ilin aprel ayında qadınlar, o cümlədən əlil qadınlar üçün Neftçala Qadın Resurs Mərkəzində "Biznes Bacarıqlarının İnkişafı mövzusunda təlim keçirilmiş, biznes planlarının tərtib olunmasına praktiki yardım göstərilmiş və tamamlanmış biznes planlar maliyyələşmə üçün müstəqil ekspert qiymətləndirilməsinə və donor təsdiqinə göndərilmişdir. Təlimdən sonra təqdim olunmuş müxtəlif biznes layihələrinin 7- sinin BMTİP tərəfindən dəstəklənməsi qərarı verilmişdir. Bura "Qadın Fitnes Klubu, "Kompüter Xidmətləri, "Xınayaxdı Mərasimlərinin Təşkili, "Dərzilik xidməti, "Qoyunçuluq təsərrüfatı (Xıllı kəndində), "Qoyunçuluq təsərrüfatı (Aşağı Qaramanlı kəndində) , "Kəndli-Fermer İstehsal Təsərrüfatı daxildir. 2015-ci ilin İyunun 3-də Neftçala Qadın Resurs Mərkəzinin rəsmi açılış mərasimi olub. 2015-ci ilin oktyabrın 15-də Beynəlxalq Kəndli Qadınlar Günündə, Neftçala rayon mərkəzində qadınlara məxsus 4 biznesin Fitnes Mərkəzi, Xınayaxdı Xidməti, Dərzilik və Kompüter Xidmətlərinin rəsmi açılış mərasimi təşkil olunub. 2016-cı ildə layihə Biləsuvar, Salyan, Sabirabad, Masallı, Neftçala rayonlarında davam etdirilmişdir. Ötən il Salyan rayonunda qadınlar üçün 5 yeni sahibkarlıq obyekti yaradılmışdır. Salyan rayonunun Yenikənd kəndində Dərzi Sexi, Yenikənd-Şəkərli kəndində Şirniyyat Sexi, Yenikənd-Həsənli kəndində Gözəllik Salonu, Salyan Plasmas qəsəbəsində Qadın Fitnes Mərkəzi, Salyan rayonunun özündə Kompüter Mərkəzi açılmışdır. Ötən il həmçinin Masallı rayonunda qadınlar üçün 14 yeni sahibkarlıq obyekti açılmışdır. 2 ədəd Dərzi Sexi, 1 ədəd yorğan sırıma, 2 Çörəkçi, 1 Xinayaxdi, 1 Gözəllik salonu, 6 ədəd Heyvandarlıq təssərüfatı, 1 Komputer Mərkəzi fəaliyyətə başlayıb. 2016-cı ildə Biləsuvar rayonunda 13 sahibkarlıq obyekti açılıb. 1 Xinayaxdi, 1 Gözəllik salonu, 1 Qadın geyimləri mağazası, 1 çörək sexi, 2 şirniyyatçi, 1 Cücə saxlama , 6 heyvandarlıq təssərüfatı istifadəyə verilib. Komitədən bildirdilər ki, Neftçala Qadın Resurs Mərkəzi aztəminatlı və fiziki qusurlu uşaq və qadınların biznes layihələrindən bəhrələnməsinə şərait yaradır. Aztəminatlı ailələrin uşaqlarına kompyuter biliklərinə yiyələnmək üçün və fiziki qüsurlu qadınlara fitnesdən istifadə zamanı güzəştlər tətbiq olunmasına dəstək olur. Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da bu gün BMT-nin Komitə qarşısında qoyduğu ən aktual məsələlərdən birinin kənd qadınları arasında sahibkarlığın inkişaf etdirilməsi olduğunu söyləyib. S. Qəhrəmanova deyib ki, Komitə BMT-nin Bakı ofisi ilə bu istiqamətdə birgə layihə həyata keçirir. Sədr müavini onu da qeyd edib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini bu gün maraqlandıran əsas məsələlərdən biri əhalinin orta təbəqəsinə aid olan qadınların sahibkarlığa gətirilməsi və onlara dövlət dəstəyinin göstərilməsidir. Qeyd edək ki, bu layihəyə uyğun olaraq, ali savadı olmayan, evdar kənd qadını biznes imkanlarını inkişaf etdirir. Layihə çərçivəsində onlara müəyyən bacarıqlar - layihənin yazılması, qrantların əldə olunması yolları öyrədilir. Ali savadı olmayan evdar qadınlara maliyyə dəstəyi göstərilir, onlara müxtəlif sahələrdə kiçik bizneslərini qurmağa dəstək göstərilir. Bununla da kənd qadınının maliyyə baxımından asılılığı aradan qaldırılır. Bu gün Qadın Resurs Mərkəzləri sayəsində xeyli sayda qadın uğura imza ataraq öz biznesini quraraq inkişaf etdirib. İndi onlar kənd yerlərində çoxlarının arzu etdiklərini, öz bizneslərini qurmağı bu layihə sayəsində reallığa çeviriblər. Qeyd edək ki, Qadın Resurs Mərkəzlərində qadınlara keçirilən təlimlər nəinki onları öz bizneslərini qurmaq, biznes fəaliyyət planı hazırlamaq vərdişinə yiyələndirir. Hansı ki, bunun sayəsində kənd yerlərində də qadınlar müxtəlif layihələrə qatılaraq öz fəaliyyət planlarını hazırlayaraq təqdim edə bilmək imkanı qazanırlar. Bu layihə sayəsində neçə-neçə qadının əli çörəyə çatıb, özü- öz məşğulluğunu təmin etməklə bərabər, iş yerləri açıb. Qadınlara öz bizneslərini qurmaqla bağlı verilən təmənnasız dəstək bu gün onları öz işinin sahibi olmağa, sabahın sahibkarına çevrilməsinə zəmin yaradır. Komitədən bildirdilər ki, bu gün kənd yerlərində qadınlara verilən bu dəstək sayəsində onlar özləri üçün biznes qurur, bu biznesi inkişaf etdirərək başqa bir qadının məşğulluq problemini aradan qaldırırlar.
Mələk Eyvazlı