Martın 19-da ABŞ-ın Mayami şəhərində həbs olunan və İrana qarşı sanksiyaları pozmaqda, beynəlxalq miqyaslı qeyri-leqal pul transferində və saxtakarlıqda ittiham edilən iranlı iş adamı Rza Zərrab Federal Təhqiqatlar Bürosu ilə gizli sövdələşmə əldə edib.
Unikal.org Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyədə nəşr olunan "Aydınlık" qəzeti yazır.
Rza Zərrabın ABŞ-a nədən getdiyi hələ də müəmma olaraq qalır. Çünki onun İrana qarşı sanksiyaları neytrallaşdırmağa yönələn fəaliyyəti barədə hələ 2013-cü ildə Türkiyədə keçirilən antikorrupsiya həbslərindən məlum idi. Üç ölkənin (Azərbaycan, İran və Türkiyə) pasportunu daşıyan bu qalmaqallı iş adamı İrana aid on milyardlarla dolları və tonlarla qızılı müxtəlif ölkələrdə təsis edilmiş şirkətləri, özəl kuryerləri vasitəsilə transfer edərək Tehrana qarşı tətbiq edilmiş sərt maliyyə sanksiyalarının təsirlərini azalda bilmişdi. Bu baxımdan məntiqlə Rza Zərrab ABŞ-a ayaq basmaqdan ehtiyat etməliydi, ancaq o, öz ayağı ilə Mayamiyə gedib və aerportda FTB xəfiyyələri tərəfindən yaxalanıb. Zərrabın ABŞ-a niyə getdiyi barədə sual açıq qalır. Bu suala onun vəkilləri də aydınlıq gətirə bilməyib.
Lakin "Aydınlık" qəzeti iddia edir ki, Rza Zərrab ABŞ-a getməzdən 3 ay əvvəl İstanbulda FTB agentləri ilə təmasa keçib və onlarla İstanbulun Tarabya səmtində məxfi görüş keçirib. Görüş FTB-nin konspirativ mənzillərindən birində baş tutub. Bu görüşdən Türkiyə hakimiyyətinin xəbər tutmaması üçün maksimum məxfilik səviyyəsi tətbiq olunub.
Zərrabın ABŞ xəfiyyələri ilə təmasa keçməsinin səbəbi AKP hökumətinin onu qorumaqdan imtina etməsidir. Bildirilir ki, Rza Zərrabın ortağı Babək Zəncaniyə İranda edam cəzasının verilməsindən sonra o, AKP hökumətindən himayə istəyib. Rza Zərrab xahiş edib ki, Türkiyə rəhbərliyi İranla təmaslarda onun məsələsini qaldırsın və barəsindəki təqibləri dayandırmağı istəsin. Lakin baş nazir Əhməd Davudoğlu korrupsiya qalmaqalının yenidən qızışmasından ehtiyat edərək Rza Zərrabdan uzaq durub. Sonuncu dəfə Zərrab Davudoğlunun İrana səfəri ərəfəsində AKP ilə bir daha təmasa keçib və onun məsələsini Tehranda qaldırmağı xahiş edib. Bu dəfə də müsbət cavab ala bilməyəndə amerikalılara sığınmağı qərara alıb.
Bildirilir ki, Rza Zərrab FTB-nin biri ABŞ-da onun barəsində cinayət işi qaldıran Nyu York Cənub dairəsi federal prokuroru Prit Bhararaya birbaşa bağlı, digəri isə Türkiyə rezidenti olan iki agenti ilə görüşüb. Bu görüş zamanı Rza Zərrab bildirib ki, əgər təhlükəsizliyi təmin olunarsa və verəcəyi məlumatlar lehinə istifadə edilərsə ABŞ-a gedib FTB-yə təslim olmağa hazırdır. Məlumata görə Zərrab ABŞ-a gedəcəyini yaxın çevrəsindən heç kimə deməyib, turist kimi getdiyi görüntüsü yaratmaq üçün Mayamini seçib və arvadı Əbru Gündəşlə qızını da özüylə götürüb.
Babək Zəncani
O da iddia edilir ki, Rza Zərrab FTB ilə anlaşma əldə edən kimi biznes aktivlərini və mülklərini başqalarının adlarına keçirib. Keçmiş AKP millət vəkili Feyzi İşnaşaran da hesab edir ki, Rza Zərrab ABŞ-a FTB ilə anlaşaraq gedib. "İranda Babək Zəncaniyə edam hökmü çıxarılandan və Tehranla Qərb arasında nüvə anlaşması əldə olunandan, sanksiyalar qaldırılandan sonra Zərrab ətrafındakı çənbərin daraldığını gördü. Görünür bu səbəbdən özünü ABŞ-a təslim etməyi qərara aldı"-o bildirib.
Ehtimal edilir ki, Rza Zərrab İrana qarşı sanksiyaları neytrallaşdırmaq üçün istifadə etdiyi sxemin bütün detallarını, o cümlədən Türkiyə, İran və digər ölkələrdəki əlaqələrini ABŞ-a təqdim edəcək. İstintaqla sövdələşmə sayəsində o, yüngül cəza ala bilər. Lakin Rza Zərrabın verəcəyi məlumatlar nəticəsində Türkiyə və İrandan onun əməllərinə yardım edənlərə qarşı təhqiqatın başlaması mümkündür.