Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.

Unikal.org xəbər verir ki, müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çıxış edərək deyib:

"Hörmətli toplantı iştirakçıları.

Torpaqlarımızın düşmən təcavüzü nəticəsində işğal edilməsi səbəbindən doğma yurd-yuvalarından məcburi köçkün vəziyyətinə düşərək müvəqqəti olaraq Bakı şəhərində məskunlaşmış bacı və qardaşlarımızın vəziyyəti, onların yaşayış şəraitinin yaxşılaşdırılması yollarının müəyyən edilməsi ilə əlaqədar keçirdiyiniz bu müşavirəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Məlumat üçün bildirmək istəyirəm ki, torpaqlarımızın işğalı nəticəsində öz doğma yurd-yuvasından didərgin düşərək paytaxta pənah gətirmiş və Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Onlar uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, sanatoriya və digər sosial obyektlərdə, vaqonlarda, 1992-ci illərdə tikintisi tamamlanmamış, istismara qəbul olunmamış, hətta tikintisi başa çataraq istismara verilmiş və Bakı sakinlərinə orderləri paylanmış binalarda yerləşmişlər. Bütün bunlar isə paytaxtda müəyyən infrastruktur çətinliklərinin yaranmasına səbəb olur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşmişlər. Əgər onların hazır mənzillərə köçürülməsi təmin edilərsə, yaranan əlavə yerlər hesabına 8320 uşağın bağçaya qəbulunu təmin etmək mümkün olar. Hazırda Bakı şəhərində 37 min 462 uşaq bağçada təlim-tərbiyə alır ki, bu da ümumi tələbatın 34, 64 faizinin ödənilməsi deməkdir. Xatırladım ki, 2012-ci ildə Sizin təşəbbüsünüzlə uşaq bağçaları Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilərkən bu rəqəm yalnız 18 faiz idi.

Son illər həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə bütün sahələrdə nəzərəçarpacaq irəliləyişlər müşahidə olunmaqdadır. Respublikamızda neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən davamlı inkişaf konsepsiyası geniş vüsət alaraq, öz ilkin məntiqi nəticələrini büruzə verməkdədir. Belə ki, neft gəlirlərindən səmərəli istifadəni təmin etmək məqsədilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı, o cümlədən sosial infrastruktur obyektlərinin yenidən qurulması və əsaslı təmiri sahəsində mühüm addımlar atılıb, hazırkı və gələcək nəsillərin müasir standartlara uyğun təlim-tərbiyəsinin, təhsilinin və digər sosial-mədəni xidmətlərin göstərilməsinin təmin edilməsi, onların sağlamlığının qorunması və sağlam təbii mühitdə yaşamaları üçün əlverişli şərait yaradılıb. Bu sahədə tədbirlər dövlətimizin sosial siyasətinin ana xəttini təşkil edir və son illər "Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının tədbirlər planı, həmçinin şəxsən Sizin, Mehriban xanım, rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən layihələr çərçivəsində Bakı şəhərində mövcud olan uşaq bağçalarının və uşaq evlərinin böyük əksəriyyətində əsaslı təmir və yenidənqurma işləri görülüb. Eyni zamanda, Sizin birbaşa nəzarətiniz, diqqətiniz, qayğınız, köməyiniz nəticəsində və Heydər Əliyev Fondu tərəfindən tikilmiş uşaq bağçalarında və həmçinin Bakı şəhərində yerləşən dövlətə məxsus bütün digər məktəbəqədər tərbiyə müəssisələrində, uşaq evlərində təlim-tərbiyə alan uşaqların standartlara uyğun qidalandırılması məqsədilə müəssisələrin yüksəkkeyfiyyətli və bol çeşidli ərzaq məhsulları ilə təchizatı təmin edilib. Bağçaların və uşaq evlərinin zəruri avadanlıqlar və mal-materiallar, maddi-texniki vasitələrlə təminatında gözəçarpacaq irəliləyişlər əldə olunub, müəssisələrin idarə edilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı bir sıra islahatlar həyata keçirilib.

Həmçinin hazırda Bakı şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni tikilmiş 3 tədris korpusu və dövlət tərəfindən həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri sayəsində 67 məktəbəqədər təhsil müəssisəsinin yeni tikilmiş bağçalar və tədris korpusları daxil olmaqla fəaliyyətə başlaması üçün standartlara uyğun lazımi şərait yaradılıb. Lakin hələlik maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş bağçaların və tədris korpuslarının, eləcə də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə başlaması mümkün olmayıb. Əgər hazırda təmir edilmiş uşaq bağçalarındakı boş qrupları və köçürüləcək məcburi köçkünlər hesabına yaranmış boş yerləri nəzərə alsaq, bu gün uşaq bağçalarına əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni inşa edilmiş, eləcə də son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış məktəbəqədər təhsil müəssisələrində və tədris korpuslarında standartlara tam cavab verən və lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə prosesində heç bir maneçilik törətmədən 20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi üçün tam imkanlar yaradılıb.

Möhtərəm Mehriban xanım, Sizin dəstəyinizlə Heydər Əliyev Fondu və dövlət tərəfindən tikilmiş, yüksək səviyyədə təmir olunmuş, genişləndirilmiş və hər cür imkanlara malik uşaq bağçalarında qrupları genişləndirməklə, əlavə olaraq 9915 uşağın təlim-tərbiyə almasına qəbuluna şərait yaratmış olarıq ki, bu da ümumi tələbatın 49,5 faizini ödəyə bilər. Əgər məcburi köçkünlərin köçürülməsi hesabına boşalmış yerləri də 25 nəfərlik qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat 34,64 faiz əvəzinə 55,3 faizi təmin olunar. Çox da böyük əlavə vəsait sərf olunmadan qənaət hesabına məsələnin bu yolla həlli həm də bağçalarda qayda-qanunun daha yüksək səviyyəyə çatdırılması, eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində irəliləyişə nail olunması deməkdir.

Aparılmış təhlillər nəticəsində məlum olub ki, Bakı şəhərində mövcud dövlət məktəbəqədər təhsil müəssisələrində qruplar üzrə uşaq sıxlığı normalarının 5 nəfər həddinə qaldırılması, o cümlədən yeni inşa edilmiş uşaq bağçalarının və tədris korpuslarının, eləcə də məktəbəqədər təhsil müəssisələrində həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə bağlı standartlara uyğun tam şərait yaradılmış əlavə qrupların fəaliyyətə başlaması nəticəsində təxmini hesablamalara görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə əlavə 18 min nəfərə yaxın uşağın qəbul edilməsi mümkün olacaq. Bu isə, öz növbəsində, mövcud problemin operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı, bağçalarda təlim-tərbiyə alan uşaqların gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə təmin edilməsinə, Bakı şəhərində yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən əlavə olaraq 141 uşaq bağçasının tikilməsi və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət olunması deməkdir.

Qeyd edilənləri və Bakı şəhərində vətəndaşların məktəbəqədər təhsil müəssisələrinin xidmətlərinə duyulan zəruri ehtiyacları nəzərə alaraq, gələcəyimiz olan uşaqların intellektual və fiziki inkişafını, onların zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etmək üçün Bakı şəhərində uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasının sürətləndirilməsi məqsədilə əlavə qrupların fəaliyyətə başlamasına kömək göstərməyinizi Sizdən xahiş edirik.

Ölkəmizin və vətəndaşlarımızın sosial rifahi naminə göstərdiyiniz səylərə və fədakar əməyinizə görə Sizə - yüksək mədəniyyət və dərin zəka sahibi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma bir daha dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, çətin və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

Diqqətinizə görə təşəkkür edirəm".