Novruz Bayramı ərəfəsində sərnişin daşımanın təşkil edilməsi məqsədilə və İran İslam Respublikası ərazisində 21 mart 2017-ci il tarixindən etibarən yay vaxtına keçidlə əlaqədar olaraq, 15/16 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək.

Bu barədə unikal.org-a "Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.

Belə ki, 16.03.2017-ci il tarixindən etibarən 06.04.2017-ci il tarixinədək qatar həftədə iki dəfə - həftənin cümə axşamı və bazar günləri Naxçıvandan yola düşəcək, həftənin cümə və bazar ertəsi günləri Məşhəd stansiyasına çatacaq. Həftənin şənbə və çərşənbə axşamı günləri isə Məşhəddən geriyə yola düşəcək, həftənin bazar və çərşənbə günləri Naxçıvana çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı 29 dekabr 2016-cı il tarixindən etibarən hərəkətə başlayıb. Sürət qatarı Naxçıvan, Culfa, Təbriz, Tehran və Məşhəd marşrutu üzrə hərəkət edir.