*** 10:59
Azərbaycan prezidenti İlham Əliyev martın 10-da Fransa Respublikası Senatında Fransa-Qafqaz Dostluq Qrupunun rəhbəri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Unikal.org xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Andre Reyşarın Fransa senatorlarından ibarət böyük nümayəndə heyəti ilə Azərbaycana səfərinin önəmini qeyd edən dövlət başçısı səfərin qonaqların ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı fürsət yaradacağını deyib.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd olunub, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya gözlənilən səfəri zamanı iqtisadi, enerji, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlərin müzakirə olunacağı vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Fransa arasında energetika, ekologiya, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında da fikir mübadiləsi aparılıb.