Məlum olduğu kimi dövlət başçısının fərmanı ilə kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, pambıq istehsalına əhalinin marağının artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədi ilə pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə 10 qəpik subsidiya ayrılması nəzərdə tutulur. Lakin xüsusilə Aran bölgəsindən olan fermerlərə hələ də yığım haqqı ödənilməyib.

Unikal.org xəbər verir ki, İmişli rayonu, Xubyarlı kəndinin sakini Rafiq Məmmədov "Azadlıq radiosuna bildirib ki, ötən il 10 hektar sahədən 32 ton məhsul götürüb. Yığım pulu olaraq hər kiloqrama görə 10 qəpik ödənilməlidir, amma hələ də ala bilməyib.

Rayonun Məzrəli kəndinin sakini Qurban Süleymanov da "yığım pulunun gecikdirildiyini söyləyib. "Artıq yeni mövsüm başlayıb. Belə süründürməçilik adamların əlini işdən soyudur, ruhdan salır, -Q.Süleymanov şikayətlənib.

İmişli rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Səlim Məhərrəmov isə bildirib ki, fermerlərin narahatlığına yaxın günlərdə son qoyulacaq: "O qərar fermerlərə dəstək olaraq sonradan verildi və 2016-cı ilin məhsuluna da şamil edildi. Zəruri və mərhələli sənədləşmə işi xeyli vaxt apardı. Bu məsələ təkcə İmişli ilə bağlı deyil. Respublikanın heç bir bölgəsində pambıq yığımına görə pul ödənilməyib. Bankdan bizə bildirilib ki, həmin vəsaitlər uzağı 10 günə istehsalçıların kartlarına köçürüləcək. Daha bu il yığıma görə subsidiyanın ödənilməsində ləngimə olmayacaq.