"Münaqişə nəticəsində bir milyon əhalimiz öz torpaqlarından qovulub".

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Mikayıl Cabbarov Bakıda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasında deyib.

Nazir bildirib ki, bu münaqişə təhsilə də təsirsiz ötüşməyib: "700 təhsil müəssisəsi dağıdılıb. Bu gün də ermənilər atəşkəs rejimini tez-tez pozurlar və cəbhə xəttinə yaxın təhsil müəssisələrini də hədəfə alırlar. 2011-ci ildə Ağdam rayonunda Fariz Bədəlovun erməni snayper tərəfindən qətlə yetirilməsi yaddaşımızdadır. Ermənilər təxribatları ilə münaqişənin həllini ləngidir. Məcburi köçkünlərlə bağlı dövlət tərəfindən tədbirlər görülür, ödənişli əsasla təhsil alan qaçqın və məcburi köçkünlərin övladlarının təhsil haqqı dövlət tərəfindən ödənilir. Ötən ilin aprelində ordumuzun əks hücumları nəticəsində azad olunan Cocuq Mərcanlıda yenidən məktəb binasının tikintisi nəzərdə tutulub. Həmin məktəb bu ilin sentybarında şagirdləri qəbul etməyə hazır olacaq. Münaqişədən ziyan çəkən Azərbaycan böyük problemlərə baxmayaraq əsrlər boyu tolerantlıq ənənələrini qoruyub saxlayıb. Antisemitizmin mövcud olmadığı nadir ölkələrdəndir. multikulturalizmi təhsildə də aydın müşahidə etmək olar. Etnik qruplar üçün müxtəlif dillərdə məktəblər fəaliyyət göstərir.