Azərbaycanda informasiya savaşı
12:27 08-07-2012
İQTİSADİYYAT
Azərbaycanda informasiya savaşı
Qalib kim olacaq?
2013-cü il ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Ekspertlər hesab edir ki, bu seçkilər daha ajiotajlı olacaq və ciddi mübarizə aparılacaq. Düzdür, bu gün meydanda prezident İlham Əliyevə alternativ güc yoxdur. Buna baxmayaraq kənar güclər bütün imkanlarını hərəkətə gətirəcəklər ki, nələrəsə nail olsunlar. Artıq bunun müəyyən işartıları da görünməkdədir. Bunu da qeyd edək ki, seçki zamanı əsas aparıcı yük medianın üzərinə düşəcək və indidən demək olar ki, ciddi informasiya savaşı olacaq. Gəlin bu savaşın konturlarına diqqət ayıraq.
Sosial şəbəkələr
media rolunda
Ötən seçkilərdən fərqli olaraq bu seçkilərdə sosial şəbəkələr ciddi rol oynayacaq və bunu texnoloqlar mütləq nəzərə almalıdır. Hazırda apardığımız araşdırmalar sübut edir ki, sosial şəbəkələrdə üstünlük müxalif gənclərdədir. Yəni Yeni Azərbaycan Partiyasının kursunu dəstəkləyən gənclərin aktivliyi kifayət qədər deyil. Bununla bağlı YAP sədr müavini Əli Əhmədovda bununla bağlı açıqlama verərək gəncləri aktivliyə çağırdı. Amma müxalifət düşərgəsinin bir neçə ciddi qrupu yaradılıb və günbə-gün inkişaf etdirir. Məsələn, “Xilas” qrupunun artıq 63.520 üzvü var və yaxud “İstefa” qrupunun 96.865 üzvü var. Yalnız iki qrupda artıq 200 minə qədər seçici var. Bunun nə demək olduğunu yəqin ki, şərh etməyə ehtiyac yoxdur. Yeri gəlmişkən ABŞ-da son prezident seçkilərində Barak Obama məhz sosial şəbəkələrdən istifadə etməklə qələbəsini təmin etmişdi. Buna görə hesab etmək olar ki, sosial şəbəkələrdə ciddi savaş olacaq.
Xəbər portallarının
zamanı
Bu seçkilər həm də digər prezident seçkilərindən fərqlənəcək ki, xəbər portalları da aparıcı gücə çevriləcək. Bu gün ölkədə minlərlə sayt yaradılıb və demək olar ki, hər gündə sayları artır. Qəzetlərdən fərqli olaraq saytlar bir gündə istədikləri qədər xəbəri dəyişə və ictimai fikrə təsir etmə gücündədirlər. Bu sahədə iqtidarla müxalifətin gücü demək olar ki, bərabərdir. Ekspertlər hesab edir ki, bu seçkilərdə internet resurslarının rolu televiziyaların rolu səviyyəsinə çata bilər.
Ənənəvi media
Bu seçkilərdə sözsüz ki, ənənəvi medianında rolu böyük olacaq. Bu resurslara gəldikdə isə müxalifət yazılı mediada, hakimiyyət isə elektron mediada ciddi üstünlüklərə malikdir. Amma müxalifətin bu dəfə İctimai televiziyanın imkanlarından daha çox yararlanacağı gözlənilir. İndi isə gəlin məhz bu resurslardan istifadə edərək aparılan informasiya savaşının digər bucaqlarına baxaq.
İqtidar-müxalifət savaşı
Mütəxəssislər hesab edir ki, bu seçkilərdə iqtidar müxalifət qarşıdurması daha güclü olacaq. Çünki hazırda tərəflərin bir-birinə potoloji nifrəti var və bu nifrət kompromat savaşı ilə əvəzlənəcək. Qeyd edək ki, ötən seçkilərdə də kompromat savaşı oldu. Amma bu dəfə daha ağır ittihamların şahidi olacağıq. Bununla yanaşı müxalifət bu seçkilərdə qələbə qazana bilməyəcəyini bildiyi üçün aqressiyanı daha da artıracaq. Yeri gəlmişkən bunu da xatırladaq ki, seçkilərdə informasiya savaşında qələbə qazanmaq üçün tərəflər artıq hazırlıqlara başlayıblar. Hər iki tərəf yüz minlərlə manatlıq media layihələrini reallaşdırmağa başlayıb. Yeni qəzet və saytların, internet televiziyaların yaradılması prosesi daha da artacaq. Bu isə təsdiqləyir ki, seçkilər yetərli qədər şəffaf olacaq və buna görə daha çox təbliğat tribunalarının yaradılmasına çalışırlar.
İqtidar daxili gərginlik
Ekspertlər bildirir ki, bu seçkilərdə informasiya savaşının dərinləşməsinə hakimiyyət daxilində ki, bəzi qüvvələrdə təsir edəcək. Bu nədən yarana bilər. Ekspertlər bildirir ki, seçkilərdən sonra sözsüz ki, Nazirlər Kabinetinin tərkibi yeniləşdiriləcək və yeni kabinet qurulacaq. Bu kabinet uğrunda isə istər-istəməz savaş başlayacaq. Ötən seçkilərdə də bu problem ortaya çıxdı və buna görə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev bütün prosesləri öz nəzarətinə götürdü. Amma bir məsələ də var ki, ötən seçkilərdə hər nazirin az qala öz media holdinqi var idi və bu tribunalar vasitəsi ilə kompromat savaşı həyata keçirilirdi. İndi isə hakimiyyətin nəzarətində olan media qurumları siyasi baxımdan tam olaraq Prezident Admnistrasiyasına bağlıdır. Buna görə hesab etmək olar ki, bu dəfə kompromat savaşında bu qruplaşmaların imkanları məhdud olacaq.
Kənar təsirlər
Bu seçkilərdə informasiya savaşı həm də ölkədən kənarda xarici mediada aparılacaq və bu daha təhlükəli olacaq. Bu informasiya savaşını “Eurovision” Mahnı Müsabiqəsi zamanı gördük. Bir ayın içərisində Almaniya, Fransa, İngiltərə mediası bütünlüklə Azərbaycan hakimiyyətini hədəfə aldı. Və demək olar ki, Azərbaycanın imicinə ağır zərbə vuruldu. Bu seçkilərdə də çox böyük ehtimal ki, həmin qüvvələr hərəkətə gələcək və ölkədə informasiya savaşına nüvə silahı kimi qatılacaqlar. Bəs bu qüvvələr kimlərdir və bu savaşda niyyət nə olacaq? Ekspertlər bildirir ki, Azərbaycana qarşı başlanan savaşda bir neçə qüvvə iştirak edəcək və müəyyən məqamda birləşə də bilərlər.
- Erməni lobbisi. Qeyd edək ki, Ermənistan və erməni lobbisi bu seçkilərə daha həssas yanaşacaq və çalışacaqlar ki, maksimum dərəcə də belə bir rəy yaratsınlar ki, Azərbaycanda seçkilər qeyri-demokratik keçib. Soruşula bilinər ki, bu ermənilərin nəyinə lazımdır? Bu gün Ermənistan və erməni lobbisinin ən böyük iddialarından biri də budur ki, Azərbaycanda avtoritar rejimdir və Dağlıq Qarabağ erməniləri həm də buna görə Azərbaycan daxilində qalmaq istəmir. Artıq belə fikirlər hətta Ermənistan prezidentinin dilindən də səslənir. Bundan başqa xatırladaq ki, Ermənistan da seçki olacaq və Ermənistan tərəfi çalışacaq ki, Azərbaycana qarşı informasiya savaşı kifayət qədər güclü olsun və nəticə də Ermənistandakı seçkilər ikinci plana keçsin.
- İqtisadi maraqlar. Qeyd edək ki, bu gün Avropanın Azərbaycandan istədiyi çox şey var və bunlardan biri də enerji təhlükəsizliyinin təminidir. Amma elə layihələr var ki, bu Azərbaycanın maraqlarına heç bir halda cavab vermir və Azərbaycan tərəfi dövlətin maraqlarına uyğun proseslərə qatılır. Amma Avropanı hər gün güclənən Azərbaycan və Azərbaycan maraqları narahat edir və buna görə çalışırlar ki, hər zaman təzyiq dili ilə danışsınlar. Hesab etmək olar ki, bu seçkilərdə də qərb mediası Azərbaycana təzyiqi artırmağa çalışacaq.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35