Xəbər verdiyimiz kimi, bu ilin mart ayının 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin, Şəbnəm (qızlar) İslam, Şəki (hafizlik) İslam və Əliabad İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.
Kolleclərə tələbə qəbulunun hansı formada aparılması qaydaları isə hələlik açıqlanmayıb.
Məsələ ilə bağlı Unikal.org-a Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi, Lənkəran İslam Kollecinin rəhbəri Hacı Sədi Axundzadə münasibət bildirib.
O, vurğulayıb ki, hələlik yalnız kolleclərin şəhadətnamələrini əldə ediblər: "Hələlik, fəaliyyətimizin çevrəsi məlum deyil. Yaxın vaxtlarda kolleclərin fəaliyyəti ilə bağlı QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin qərar verəcəyini gözləyirik. Yəqin ki, Pedaqoji Şura yaradılacaq. Bundan sonra təhsil və tədris məsələləsi açıqlanacaq. Hələlik kolleclərin hansı yerlərdə fəaliyyət göstərməsi ilə bağlı da müvafiq yerlər müəyyənləşməyib. Bir daha qeyd edirəm ki, yalnız Kollecin fəaliyyəti üçün şəhadətnamələr əldə etmişik.
Amid Əyyuboğlu