Aprel sammitində "Rus NATO-su rəhbərliyinə erməni generalın gətirilməsi məsələsi yenə də ertələnə bilər; rusiyalı hərbi ekspert: "Ermənistan nümayəndəsi bu dəfə də KTMT baş katibi olmayacaq; azərbaycanlı politoloq: "Aprel işğalçı ölkə üçün ağır keçəcək...

Üzümüzə gələn ayda - apreldə 4 günlük müharibənin birinci ildönümü ilə yanaşı, Qarabağ məsələsinə dəxli olan daha iki hadisə gözlənilir. Onlardan biri işğalçı Ermənistandakı parlament seçkiləri (2 aprel), digəri isə "Rus NATO-su adlandırılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibinin gətirilməsi məsələsidir.

Gözlənildiyi kimi, Moskvadakı aprel sammitində həmin vəzifəyə rotasiya qaydasında Ermənistan nümayəndəsi təyin olunmalıdır. Məlumdur ki, bu təyinat üç dəfə ertələnib. Daha çox da KTMT-də Azərbaycanın dostları - Qazaxıstanın və Belarusun tutduğu prinsipial mövqe hesabına İrəvan öz istəyinə nail ola bilməyib. Əslində Rusiyanın özü də Azərbaycan və Türkiyəni qıcıqlandırmamaq məqsədilə belə bir təyinatı arzulamır.

Bəs, qurumun budəfəki, aprel Moskva toplantısında nə gözlənilir, ermənilərin arzusu çin ola bilərmi? Bir sıra ekspertlər bu xüsusda erməniləri sevindirəcək qədər nikbin deyillər. Məsələn, müsavat.com-un məlumatına görə, bu mövzuda erməni nəşri "168 jam nəşrinə danışan rusiyalı tanınmış hərbi ekspert Pavel Felqenqauerə görə, qarşıdakı toplantı də Ermənistanın ngözləntiləri baxımından nəticəsiz başa çata bilər.

Onun sözlərinə görə, səbəb KTMT-nin monolit qurum olmaması ilə bağlıdır. "Təşkilat üzvləri bir-birinin təhlükəsizliyinə laqeyddir. Qurumda belə bir mürəkkəb vəziyyət yaranıb. Ermənistan bloka Rusiyanın xətrinə girib. Bununla belə, hər bir üzv dövlət əgər onun sərhədlərinə qəsd olarsa, KTMT-yə müraciət eləmək imkanına malikdir. Söhbət Ermənistandan gedirsə, bu halda Qazaxıstan və Belarus olmasa belə, Rusiya KTMT-nin avtoritetini qorumaq və Rusiya-Ermənistan strateji əlaqələri naminə vəziyyətə reaksiya verməli olacaq, - deyə ekspert qeyd edib.

Felqenqaurun fikrincə, Qazaxıstan üçün Dağlıq Qarabağ məsələsi vacibdir:"Nazarbayev təbii ki, Azərbaycanla yaxşı əlaqələrin dinamikasını saxlamağa çalışır. Çünki tərəflər arşında biznes-maraqlar üstünlük təşkil edir. Məhz bu səbəbdən də hər dəfə KTMT-yə Ermənistan nümayəndəsinin təyin edilməsi təxirə salınır. İstisna deyil ki, Qazaxıstan yenə bu təyinatı əngəlləyəcək. Moskva Ermənistana xoş gəlmək üçün Astanaya təzyiq edə bilər. Ancaq bu gün Rusiya üçün Qazaxıstan da Suriya məsələsində oynadığı xüsusi rola görə mühüm tərəfdaşdır. Yəni Putin Ermənistana görə Nazarbayevin xətrinə dəyməz. Ermənistanın da xətrinə dəyməməyə çalışacaq. İndilikdə Rusiya hökumətinin KTMT-də işləri qaydaya salmaq üçün, belə görünür, vaxtı yoxdur.

Bu üzdən analitik KTMT-nin növbəti sammitində də məsələnin Ermənistana xeyrinı həll olunacağını güman eləmir: "Ermənistan nümayəndəsi bu dəfə də KTMT baş katibi olmayacaq. Lakin Felqenqaeur əmindir ki, Rusiya erməni tərəfinin narazılığını yumşaltmağa səy edəcək və həmin narazılığı bu və ya başqa sferada "kompensasiya edəcək".

Söhbət yəqin ki, Kremlin hərbi-texniki və ya iqtisadi-maliyyə xarakterli hansısa köməyindən gedir. Hər necə olmasa, Rusiya satellit Ermənistan daxilində özünə qarşı narazılığın artmasında da maraqlı deyil. Bundan əlavə, rəsmi İrəvan yaxşı bilir ki, məsələdə Kreml iradə ortaya qoyarsa, "Rus NATO-suna rəhbərlik Ermənistan təmsilçisinə keçə bilər. Moskva bu iradəni göstərəcəkmi? Bir az gözləyək.

Maraqlıdır ki, KTMT-nin növbəti toplantısı ərəfəsində - apreldə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər edəcək. Heç şübhəsiz, onun azərbaycanlı həmkarı İlham Əliyevlə Bakıdakı yüksək səviyyəli görüşlərdə Dağlıq Qarabağ mövzusu və KTMT-yə yeni baş katibin gətirilməsi məsələsi də diqqət mərkəzində olacaq. Ona da şübhə yox ki, hər iki məsələdə Bakı və Astana bir daha "saat əqrəblərini tutuşduracaq. Başqa sözlə, Nazarbayev təşkilatın Moskva toplantısına faktiki, cilalanmış mövqe ilə gedəcək.

Bu arada Türkiyə və Ermənistan prezidentlərinin qısa fasilələrlə Rusiya səfərləri də ekspertlərin diqqət mərkəzində qalmaqda davam edər. Məsələn, siyasi şərhçi Elxan Şahinoğlu Rəcəb Tayyib Ərdoğanın Moskva səfəri barədə deyir: "Bu, iki dövlət başçısının təyyarə böhranından sonra dördüncü görüşü idi. Ərdoğanla Putin Moskvada daha çox Suriyadakı vəziyyəti müzakirə etdilər. Bu da gözlənilən idi - baxmayaraq, Ərdoğanın Putinlə görüşdə Azərbaycana aid iki mövzunu da gündəmə gətirməsi bizim üçün önəmli idi. Ərdoğan birinci cümləsində dedi ki, Qarabağ münaqişəsini qısa müddətdə həll etmək lazımdır, əks halda bölgədə müharibə təhlükəsi qalacaq. Eyni zamanda, o, Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasını təklif etdi. Ərdoğanın Azərbaycana aid mövzuları Putinin diqqətinə çatdırması rəsmi Bakı tərəfindən yüksək qiymətləndirildi. Lakin Kreml Ərdoğanın təklifi ilə Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılmasına müsbət yanaşsa da, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirməyi planlaşdırmır.

Ekspert Türkiyə liderinin ardından Ermənistan prezidenti Serj Sərkisyanın martın 15-də Moskvada Putinlə görüşməsinə belə münasibət bildirib: "Prezidentlərin görüşündən başqa iki ölkənin hərbçiləri də görüşdü. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov Ermənistanın Baş Qərargah rəisi Movses Akopyanla iki ölkə arasındakı hərbi əməkdaşlıq məsələlərini müzakirə etdi. Sərkisyanın Moskvaya səfərində əsas məqsədi atəşkəsə riayət olunacağına dair Moskvadan təminat almaq idi. Sərkisyan istəyir ki, Kreml apreldə Azərbaycana hücuma keçməyə imkan verməsin, Bakıya təzyiqini artırsın və o bu vəziyyətdə seçkini planlaşdırdığı" kimi keçirsin".

Politoloqa görə, aprel ayı Ermənistan üçün ağır keçəcək:"Ermənistan hakimiyyətinin, müxtəlif siyasi dairələrinin və cəmiyyətinin aprel ayı ilə bağlı iki böyük qorxusu var. Birincisi, odur ki, apreldə Azərbaycan Ordusu yenidən hücuma keçərək yeni ərazilər azad edəcək və bu zaman Ermənistan ordusunda keçən il olduğu kimi böyük itkilər qeydə alınacaq.

Ermənistanın əhalisi onsuz da azalır. Növbəti dəfə yüzlərlə itkini Ermənistan cəmiyyətinin həzm etməsi problematikdir. İkincisi ondan ibarətdir ki, 2 aprel parlament seçkisində Ermənistanda ara qarışacaq. Ermənistanda Sərkisyana qarşı bəzi qrupların hətta silahlı müqavimət göstərməsi də mümkündür. Çünki Ermənistanda seçkinin saxtalaşdırılması və inzibati resurslardan istifadə imkanları böyükdür. Ötən ilin yayında İrəvanda silahlı qrup polis məntəqəsini ələ keçirərək, qanun keşikçilərini girov götürmüşdü, ölən və yaralanan oldu. Ermənistanda əllərdə başqa silahlar da var. Misal üçün, seçkiqabağı mitinqlərin birində keçmiş müdafiə naziri Seyran Ohanyana atəş açdılarsa, seçkidən sonra başqa silah səslərinin eşidilməsi ehtimalı da yüksəkdir.

Siyasi şərhçi hesab edir ki, Sərkisyanın Putinlə görüşünün digər məqsədi Gümrüdə Rusiya ilə birgə hərbi-sənaye kompleksinin yaradılmasıdır. "Putin 2013-cü ildə Ermənistana səfəri zamanı Sərkisyanla birgə Gümrüdəki Rusiyanın hərbi bazasına baş çəkdikdə, orada birgə hərbi sənaye istehsalına başlanacağını vəd etmişdi. Üstündən 4 il keçib, nəticə yoxdur. Azərbaycanın hərbi sənayesi inkişaf edir, hər il yeni silah və texnika istehsal olunur. Ermənistanın isə belə geniş imkanları yoxdur. Ona görə də Sərkisyanın ümidi onadır ki, Putin Ermənistanda hərbi istehsala kömək edəcək. Rusiyanın nə marağı var ki, Ermənistanda hərbi sənaye istehsalına başlasın? Kreml hərbi istehsalı Rusiya ərazisində qurub və satışdan milyardlarla dollar qazanır, - deyə o əlavə edib.