Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt İntiqam Əliyevin azadlığa buraxılması barədə məhkəmə qərarını alqışlayıb.
Unikal.org Modern.az-a istinadən xəbər verir ki, bu barədə P.Aqramunt özünün twitter mikrobloqunda yazıb.
"Mən hüquq müdafiəçisinin azadlığa buraxılmasını alqışlayıram. Bu, doğru addımdır. Azərbaycanın məhkəmə sistemi həmişə tam müstəqil fəaliyyət göstərməlidir", - deyə P.Aqramunt bildirib.
Qeyd edək ki, bu gün Ali Məhkəmədə baş prokuror Zakir Qaralovun "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin həbsdə olan sədri İntiqam Əliyevlə bağlı məhkəmə qərarından cəzanın ağır olmasına dair verdiyi əlavə kassasiya protesti üzrə məhkəmə keçirilib. Məhkəmə İ.Əliyevə 5 il şərti həbs cəzası verilməklə azadlığa buraxılması barədə qərar qəbul edib.
İntiqam Əliyev 2014-cü il avqustun 8-də həbs olunub.
Hüquq müdafiəçisi Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.
Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də Bakı Ağır Cinayətlər Məhkəməsinin bu hökmünü qüvvədə saxlamışdı.