Gündüzü tarix, gecəsi kriminal qoxuyan Afinanın bu günü barədə ikigünlük təəssüratın nəticəsi; əməkdaşımız Yunanıstanın paytaxtından yazır... 
"Cavan qızlarsız, ora isə təhlükəlidir. Qarşınızı kəsərlər, pulunuzu oğurlayarlar. Üstəlik, riskdir. 9 saatlıq məsafədir burdan. Gedib çıxana qədər axşam olacaq. Qalarsınız meşənin ortasında... Mənim məsləhətim - getməyin!"

O danışanda bir an adama elə gəlir ki, hansısa bir qohumunla danışırsan. Canıyananlıqla məsləhət verir, yol göstərir, ucuz və sərfəli bir hərəkət qrafiki təklif edir. Taksi sürücüsü Açelous (sonradan öyrənirəm, adının mənası çay Allahı demək imiş-S.T) bizim Yunanıstanın paytaxtında, Afinada tanış olduğumuz ilk yunandır. Aeroportdan çıxan kimi təsadüfən qarşılaşdığımız ilk taksinin sürücüsü...

"Yeni Müsavat"ın reportyor qrupunun Yunanıstan səfərindəki əsas məqsədi qaçqın düşərgələrinə baş çəkmək idi. Artıq bu mövzudakı silsilə reportajlar müsavat.com saytında dərc edilib... 

Açelous isə taksi sürücülərinin psixologiyasına yad şəkildə şəhərə nabələd, əcnəbi müştərilərini aldatmırdı. "Mən sizi apararam, narahat olmayın, ucuzdur..." tipli klassik təkliflər yox idi nitqində. Elə bizim yunan insanı barədə ilkin xoş təəssüratımızın yaranmasına da o, səbəb oldu. Növbəti günlərdə onu ölümünə korlayan həmvətənləri olsa da... 
 
Gündüz tarix, gecə kriminal qoxan paytaxt... 


Bəli, bura Afinadır, Yunanıstanın paytaxtı. Qədim tarix dərsliyində hər abidəsinə, savaşına bələd olduğumuz Yunanıstan. Son illərdə iqtisadi krizisin mərkəzində olan, kasıb günlərini yaşayan böyük ölkə. Şəhəri gəzdikcə hər daşından, divarından bu kasıblığın izləri tökülür. İlk baxışda adama elə gəlir ki, kasıblamış bir postsovet ölkəsindəsən. Amma qədim muzeyləri, kitabxanaları, hər yeri tarix qoxan küçələri gəzəndə... təəssüratın dəyişir. Axşam saatlarında Afinada dolaşmaq isə istər-istəməz bir xof yaradır insanda. Hər tinbaşı suriyalı, əfqan, iraqlı... miqrantlar qrup halında gəzirlər, öz dillərində ucadan danışır, itələşir, əylənməyə çalışırlar. Bu günə qədər sonuncuların Avropadakı bəzi kriminal əməllərini yada salıb, istər-istəməz narahatçılıq da keçirirsən. Nə deyirsən de, şəhərin mənzərəsi, havası, estetikasına təsir edir. 
Daşı, torpağı... əsrlərin izini daşıyan şəhər... 

Afina şəhəri Afina adlı "allahın" adından götürülüb. Mifologiyaya görə, bu şəhər öz adını iki "allahın" - Poseydon və Afinanın arasında gedən bir yarışın nəticəsində, sonuncunun qalib gəlməsi ilə alıb. Ümumilikdə isə Yunanıstan Bizans, Osmanlı imperiyalarının və klassik Yunan ənənələrinin izlərini daşıyan ölkədir və qərb sivilizasiyasının mərkəzi sayılır.  Dünya mədəniyyətinin formalaşmasında Yunanıstanın dəyəri olduqca çoxdur.  Dünyada ilk demokratik dövlət, ilk olimpiya oyunları, politologiya, dram və qərb ədəbiyyatı bu ölkənin mədəniyyətində  formalaşıb... Siz onun indiki halına baxmayın, özü boyda nəhəng bir tarixi formalaşdırır. Paytaxt Afina tarix, incəsənət, memarlıq qoxan bir şəhərdir. Ona bələd olmaq üçün heç şübhəsiz ki, öncə "quşbaşı bir nəzər"ə əşhədü ehtiyac var. Bunun ən ideal yolu avtobus turlarıdır. Qulağında qulaqcıq, şəhəri avtobusun ikinci mərtəbəsindən, izahlı şəkildə dinləmənin zövqü bir başqadır çünki. 18 avro ödəyib, operatorumuz Aytənlə bir tur alırıq. Həftənin əvvəlidir, avtobus demək olar ki, boşdur. Turistlərin azlığından istifadə edib, içəridə bol-bol çəkiliş də edirik. Bilirsiz, turistlər avtobus turlarında video çəkilişlərdən, stan uplardan heç xoşlanmazlar. Avtobus şəhəri fırlandıqca onun hər guşəsini tanıyırıq. 

Afina şəhərində əsas turistik yerlər sırasında antik dövr abidə və tikililəri gəlir. Afina turlarının ənənəvi başlanğıcı şəhər mərkəzində yerləşən və yunan dilindən tərcümədə "yuxarı şəhər" mənasını verən Akkoroldur. 90 metr hündürlüyündə olan və Yunan memarlığının ən bariz nümunəsi sayılan  bu tikilinin məbədlərini şəhərin hər tərəfindən görmək mümkündür. Antik memarlığın şah əsəri e.ə V əsrdə tikilmiş "Parfenon" məbədi də  elə Akropol təpəsində  inşa edilib. 

Afina "Nike" məbədi- yunan əsgərlərinin zəfərləri şərəfinə e.ə V əsrdə  inşa olunmuş 6 sütunlu məbəddir. Bundan başqa Afinanın ən əhəmiyyətli muzeylərindən olan Milli Arxeoloji Muzeydə antik dövrdən başlayaraq Roma imperiyası dövrünə qədər ən qədim mədəniyyətlərin bir çox incəsənət nümunələri - rəsm əsərləri, heykəllər və s. saxlanılır.  1840- cı ildə tikilmiş Sintaqma meydanı  əvvəllər Kral meydanı adlandırılmış, sonralar isə adı dəyişdirilmişdir. Turistlərlə dolu olan bu meydan Yunanıstanın siyasi- mədəni bütün tədbirlərinin keçirildiyi əsas meydandır.

Afina bazarları... teatrı xatırladır... 

Monastiraki bazarı, Atina Mərkəzi bazarı, ət bazarı, Varvakio bazarı... Şəhərin daha çox bazarlar olan  bölgəsindəyik. Daha öncə bir neçə sənədli filmdə Afinanın ət bazarından görüntülər izləmişdim deyə, maraq güc gəlir. Gedirik bazara. Səhər saat 6-dan açılan bazar axşam 5-ə qədər açıqdır. İnsanlar ən təravətli, təzə əti almaq üçün səhər saatlarında bura gəlir. Satıcı hər yerdə satıcıdır: müştərini bağıraraq çağıran, bir saniyə ayaq saxlayanı ət almadan yola salmayan... Kameranı görüb əlindəki bıçaqla əti şou göstərircəsinə doğrayanları da siyahıya əlavə etsəz, tam bir teatral havadan söhbət gedir.  Qiymətlər isə dəyişir: ən ucuz ətin kilosu 4 avrodur(bu, malın hansı hissəsi olmasından asılıdır), 20 avroya qədər dəyişir. 
Məşhur Omonio meydanı. Şəhərin düz göbəyində yerləşib və ötən reportajda da qeyd etdiyimiz kimi, artıq miqrantların daimi oturduğu yerdir.  Şəhərdə təxminən 50-ə yaxın teatr binası var. Plaka bölgəsində Cine Pari Teatrı və Zappeioda yer alan Aigli Kinoteatrı şəhərə baş çəkənlərə yay aylarına açıq hava kinoteatrı zövqü yaşadır. Yunan Beynəlxalq Operasına aid performansları isə Atina Konsert Salonunda görmək mümkündür. 

Yunan otelçisi... niyə dələduz çıxdı?

Etiraf edirəm, müasir Afina haqda təəssüratlarımı formalaşdıran həm də Türkiyənin məşhur serialı "Yabançı damat" olub. Yunanların musiqi, əyləncə, ailə həyatı və daha nələr məhz o serialda ən incə detalına qədər tamaşaçıya çatdırılırdı. Niko ilə Nazlının dillərə dastan sevgisi....nin fonunda yunan psixologiyası. Əyləncə demiş, Aytənlə yunanların taverna musiqisini canlı-canlı dinləmək qərarına gəlirik. Yunanlar çistaki rəqsini ifa etsin, biz baxaq, çəkək, zövq alaq... deyə düşünürük. Google-da axtarış aparırıq, bir çox restoranlar otelimizdən uzaqdır. Məcburən otelin recepsionundakı əməkdaşla maraqlanırıq. Deyir, canlı musiqi istəyirsizsə, sizə əla məkan məsləhət görəcəm, ora gedin. Şəhərin xəritəsində həmin yeri nişan verir. Məlum olur ki, oteldən 10 dəqiqəlik yol məsafəsidir. Afinanın Plaka bölgəsində yerləşən restoranı çətinliklə tapanda isə məlum olur ki, içəri girəcək ilk müştəri biz olacağıq. Restoran isə musiqinin "m"sindən də xəbərdar deyil. Otelçi şəhərdən ayrılan gün bizə taksi çağıranda isə məlum olur ki, faizlə işləyirmiş. Normalda aeroportdan otelə gediş haqqı 38 avro olduğu halda, onun çağırdığı taksi bizi oteldən aeroporta 44 avroya aparır -  6 avro otelin faizi. "Yunan otelçiləri dələduzdur" nəticəsinə gəlirik, fikrimiz qətiləşir.

Restoran yunanların, menyu türklərin... 

Ümumilikdə isə məlum olur ki, arzuladığımız taverna musiqiləri, çalğılı restoranlar həftə sonu fəaliyyət göstərir. Yunanlar özlərinə bunu ancaq həftə sonları icazə verirlər. 
Piserius bölgəsindəki sıradan restoranlar isə gecə 2-3 radələrinə qədər açıqdır. Tələbəlik illərini İstanbulda keçirmiş Aytən Pireusu İstanbulun Beşiktaş bölgəsinə bənzədir. Deyir, restoranları, ümumi ab-havası, hətta masalarının quruluşuna qədər eynidir. Menyunu gətirirlər, xeyli gülürük. Bu da nə? Sanki İstanbulun hansısa restoranında əyləşmisən: "Yogourtloy kebab" (yoğurtlu kabab), "merci şorbası", "doulma" (dolma), paxlava... Adama bir yoğurtlu kabab və yunan salatı sifariş edirik. Qazlı içkini də əlavə etsək, ümumi hesab 28 avro çıxır. Şəhərin mərkəzində, populyar bir məkan üçün... o qədər də baha qiymət sayılmaz. 

Ümumiyyətlə, öyrənirik ki, yunan mətbəxi Ağdəniz mətbəxinin bilinən ləzzətli və sağlıqlı yeməklərindən ibarətdir. Bir çox yemək və şirniyyat türk mətbəxi ilə eynidir. Belə ki, hər iki mətbəxdə adlar dəyişməz. Dəniz məhsulları, tərəvəz yeməkləri və salatlar başlıca yeməklər arasındadır. Mətbəx daha çox  Aralıq dənizi yeməkləri, yüngül, az yağlı və ya  zeytun yağ ilə hazırlanmış təamlardan, salat və məzələrdən, məşhur yunan "rakısı" "Ouzi"dən  ibarətdir.
Afinanın ictimai nəqliyyatı da çox yaxşı çalışır. Metro, tramvay və avtobuslarla şəhərin hər tərəfi çox gözəl bir  şəkildə nəqliyyat xətti ilə örtülüb. Üç metro və üç tramvay xətti ilə avtobuslardan təşkil olunub. Atina metrosu eyni zamanda bir antik muzeyi xatırladır. 
Sonda... Bir şəhəri tanımaq üçün bir gün yarım kifayət etməz, təbii ki. Üstəlik, bu müddətin yarıdan çoxu qaçqın düşərgəsində, qaçqınlarla müsahibədə keçibsə. Amma şəhərin havası hər gələn turisti bir başqa cür "vurur". Biri dəbdəbəsi, digəri kasıblığı, başqası şirinliyi ilə. Afinada isə məni sanki ac adamın nəfəsi vurdu. Müflisləşmiş, əski günlərini şamla axtaran eks varlılar kimi idi yunanların paytaxtı... "Ötən günə gün çatmaz..." tipli nitqlərin  söyləndiyi məkan...