Argentinanın La-Rioxa şəhərinin hava limanında aviadispetçerlərin yatması "Austral" şirkətinin təyyarəsinin eniş etməsində problemlərə səbəb olub.
Unikal.org xəbər verir ki, bu barədə yerli "Opinion Austral" informasiya agentliyi məlumat yayıb.
Portalın məlumatına görə, təyyarənin pilotu dispetçerlərlə əlaqə yaratmağa çalışaraq, səkkiz dəqiqə hava limanı üzərində dövrə vurub, amma cavab almayıb.
Lа-Rioxa hava limanı səhər saat 7-də işə başlayır. Lakin aviadispetçer yerlərinə bundan əvvəl gəlməli, təyyarələri qəbul etməyə hazır olmalıdırlar. Bu dəfə onlar oyana bilməyiblər və nəticədə problemli vəziyyət yaranıb. Bundan əlavə, təyyarə özü də hava limanına cədvəldə nəzərdə tutulmuş vaxtdan əvvəl gəlib.
Aviadispetçerlərin yerli assosiasiyanın nümayəndəsi Qustavo Kiroq hava limanı təmsilçilərinin müdafiəsinə qalxıb. "Əgər sərnişin təyyarəsi müəyyən olunmuş müddətdən tez gəlirsə, bu, uçuşlarını proqramlaşdırmamış şirkətin problemidir" - deyə o bildirib.