Bakıda vətəndaşalara qarşı müxtəlif yollarla dələduzluq edib, külli miqdarda pullarına ələ keçirməkdə təqsirləndirilən qadının məhkəməsi olub. Hüquqşünas olan xanım 700 min manatdan çox pulu mənimsəməkdə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İradə Cəfərlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Onun dələduzluq əməllərinin qurbanı olduğunu deyən onlarla vətəndaş var. Onlar arasında evləri plana düşmüş "Sovetski sakinləri, ucuz evə sahib olmaq istəyənlər və hətta şəhid oğluna görə sığorta pulu almaq istəyən ana da var.
Hüquqşünasın 700 minlik dələduzluğu
Əvvəllər hüquqşünas olaraq, məhkəmələrdə mülki işlərdə nümayəndə qismində vətəndaşalrın hüquqlarını müdafiə edən İradə Cəfərli indi özü dəmir barmaqlıqlar arxasındadır. İradə Cəfərli dələduzluq etdiyi şəxslərə 700 min manata yaxın ziyan vurmaqda suçlanır.
İttihama görə, İradə Cəfərli evləri plana düşən "Sovetski sakinlərinə söz verib ki, onlar üçün banklarda girov olan və hərracda ucuz qiymətə satılan evlər tapıb alacaq. Bu işdə 12 nəfər zərərçəkən kimi tanınıb. Amma onların hamısı ev almaq istəyənlər deyil. Aralarında şəhid olmuş oğluna görə dövlətin verməli olduğu sığorta pulunu almaq istəyən anadan tutmuş, bacısını həbsxanadan çıxarmağa çalışan, mərhum həyat yoldaşının əmlakı ilə bağlı sənədləşməni yoluna qoymaq istəyənlərə qədər bir xeyli adamlar var.
Bankda girovda olan evləri ucuz almaq...
İttiham aktında yazılır ki, Bakı sakini Samirə Həsənova banklarda girov olan evlərdən birini ucuz qiymətə almaq üçün 120 min manat, anası Çimnaz Həsənova isə 100 min manat pul verib. Başqa bir zərərçəkən isə Rüfət Tağıyevdir. O, metronun "Qara Qarayev stansiyası yaxınlığında yerləşən və bankda girov olan binadan evlər almaq üçün bir neçə dəfəyə 80 min manatını İradə Cəfərliyə verib.
Fəxriyyə Məmmədova adlı zərərçəkmiş də "Qara Qarayevdəki binadan 2 otaqlı evi 14 minə, Yasamalda "ATVnin yaxınlığındakı binadan isə 3 otaqlı evi 38 minə almaq üçün 38 min manatından keçib. O, ümumilikdə 52 min ziyana düşüb. Bacısı Mehriban Məmmədova isə Mərdəkanda iki bağ evini ucuz qiymətə almaq üçün 80 min manatının İradə Cəfərliyə veib. Onların bacısı qızı Gülnar Əliyeva isə Nəsimi bazarı yaxınlığında ev almaq üçün 68 min 500 manatının aldadılaraq İradə Cəfərli tərəfindən əlindən alındığını iddia edir. Bunlar hələ ittiham aktında yazılanların bir hissəsidir.
Ancaq hüquqşünas İradə Cəfərli ittihamlarla razı deyil. Deyir ki, məbləğlər çox şişirdilib, pulların verilmə səbəbləri haqda deyilənlər isə yalandı. O, etiraf edir ki, banklardakı girov evlərin alınması üçün bəzi şəxlərdən pul alıb. Məsələn, Rəhimə Quliyevanın həyat yoldaşından bu məqsədlə 42 min (ittihamda isə 80 min göstərilib- red.) aldığını, amma bankların bəziləri bağlandığına görə verdiyi vədi yerinə yetirə bilmədiyini deyir.
Hüquqşünas xanım narazıdır...
İradə Cəfərli ittihamlarla bağlı danışarkən bunları əlavə edib: "Çimnaz Həsənova qızı Samirə ilə birlikdə mənə notarial qaydada 50 min verdiyi halda, istintaq onların hər ikisini zərəçəkən kimi tanıyıb. Ayrı-ayrılıqda biri 100 min, o biri də 120 min pul tələb edirlər. Onlar "Sovetskidəki evlərinə görə dövlətdən rəsmən 53 min pul alıblar, bundan sonra mənzil axtarışına çıxıblar. İstintaq maraqlanmayıb ki, bu ana və qızına 220 min pul hardandı? Bu qədər pulları vardısa, niyə öz seçimləri ilə ev almırdılar, bankda girov qalan ev istəyirdilər?
Yaxud da Rüfət Tağıyev. O, anası ilə birlikdə "Sovetskidəki evə görə dövlətdən cəmi 51 min pul alıb. Onları mənim yanıma Yeganə Məmmədova gətrimişdi, dedi ki, əllərində cəmi 51 min pulları var.
Amma istintaq Rüfət Tağıyevdən 80 min aldığımı yazıb. Əllərində bu qədər pulları vardısa, niyə Rüfət Tağıyev hərraca qoyulmuş qanlı, gözüyaşlı, mübahisəli ev alqı-satqısına qoşulmuşdu? Mən Rüfətdən 20 min pul almışam, yarısını da Yeganə Məmmədovaya vermişəm. O puldan 1 il 6 ay şəhərin mərkəzində Rüfətgilə aya 500 manatlı ev kirayələnib.
İradə Cəfərli istintaqın birtərəfli aparılmasından, ifadəsində göstərdiyi məsələlərin araşdırılmamasından narazıdır. O, deyir ki, ifadəsində zərərçəkənlərlə onun arasında vasitəçilik etmiş Xədicə Muradxanova, Yeganə Məmmədova, Samirə Həsənovanın adını çəkib. Amma istintaq bu adamları məsuliyyətdən kənarda saxlayıb.
Onun sözlərinə görə, mənzillərin alqı-satqısı üçün əlində cəmi 139 min pul olub. Bu puldan da 4 zərərçəkənə 1 il 6 ay ərzində şəhərin mərkəzində yaxşı şəraitli kirayə ev tutub, 32 min buna xərcləyib, Çimnaz Həsənovaya gündəlik tələbatlarını ödəmək üçün 6 ay 300 manatdan verib.
Tutulmamışdan əvvəl məhkəmələrdən birinin əməkdaşına (ifadəsində adını da çəkib) həbs olunmamaqdan ötrü 21 min 300 manat pul verib.
Şəhidin sığorta pulunu necə almaq olar?
Bu işdə diqqətçəkən məqamlardan biri də şəhidə görə dövlətin ödəməli olduğu sığorta pulunun alınmasıyla bağlıdır. Belə ki, zərərçəkən Fəxriyyə Məmmədova özü ucuz ev almaq üçün 52 min manatla yanaşı, həm də şəhid olmuş qardaşına görə ödəniləsi 11 min manat sığorta pulundan ötrü də İradə Cəfərliyə pul verdiklərini deyir. Onun sözlərinə görə, hüquqşünas xanım dövlətdən bu pulun alınmasına köməklik göstərəcəyinə söz verib, bundan ötrü onlardan 1000 manat alıb.
İradə Cəfərli 1000 manatı aldığını təsdiqləyir, amma deyir ki, məsələ başqa cür olub:"Fəxriyyə Məmmədova Samirə Həsənovanın xalası qızıdır. Yeganənin xahişi ilə Fəxriyyə və bacısı Mehribanla görüşdüm. Söhbət əsnasında Fəxriyyə dedi ki, qardaşı şəhid olub, sığorta pulunun alınması üçün ona köməklik göstərməyi xahiş elədi. Mən də tələb olunan sənədləri toplayıb, poçt vasitəsilə sığorta şirkətinə göndərdim. Zəhmət haqqı olaraq, Fəxriyyə mənə 1000 manat pul verdi.
Məhkəmə tərəflər arasında gərginlik...
İradə Cəfərlinin hüquqlarını Janna Bağırova müdafiə edir. O, işin məhkəmə baxışına verilməsinin əleyhinədir. Ona görə də məhkəmənin hazırlıq iclasında işin yenidən istintaqa qaytarılması haqda vəsatət qaldırıb. Vəkil deyir ki, istintaq zamanı hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları pozulub, bu da işin geri qaytarılması üçün ciddi əsasdır.
Müdafiəçinin sözlərinə görə, müstəntiq qəbul edilən qərarları təqsirləndirilən şəxsə göndərməli olduğu halda, bunu eləməyib, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasının sorğuya cavabı da bunu təsdiqləyir. Bundan başqa, müstəntiqin əlində köçürmə qərarı olmadan, gecə yarısı İradə Cəfərlini zorla istintaq təcridxanasından çıxarıb aparıblar, yalnız Penitensiar Xidmətin vəzifəli şəxslərindən birinə bu haqda məlumat veriləndən sonra onu geri qaytarıblar.
Məhkəmədə zərərçəkənlər işin istintaqa qaytarılmasına da, vəkilin vəsatəti əsaslandırarkən söylədiyi fikirlərə də etiraz ediblər. Deyiblər ki, İradə Cəfərli də, onu məsuliyyətdən kənarda saxlamağa çalışan vəkili də yalan danışır. Məhkəmə hələlik bu məsələ ilə bağlı qərarını verməyib. Çünki dövlət ittihamçısı vəsatətlə tanış olub, fikir bildirmək üçün vaxt istəyib. Məhkəmə də martın 27-nə qədər vaxt verib. Məhkəmə prosesinin uzanması da zərərçəkənləri narazı salıb, nəticədə məhkəmə zalında gərginlik yaranıb.
Qeyd edək ki,İ.Cəfərli Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinir.