Elman Rüstəmovun şahmat məktəbləri davası
14:28 10-07-2012
İQTİSADİYYAT
Elman Rüstəmovun şahmat məktəbləri davası
Mərkəzi Bankın sədri onları nəzarətinə keçirmək istəyir
Azərbaycanın şəhər və rayonlarındakı şahmat məktbləri Şahmat Federasiyasının nəzarətinə verilə bilər. Bu barədə bizə məlumatlı mənbədən bildirilib.
Mənbənin deməsinə görə, hazırda şahmat məktəbləri Təhsil Nazirliyinin balansındadır. Amma Şahmat Federasiyasının prezidenti, eyni zamanda Mərkəzi Bankın sədri Elman Rüstəmov onların nazirlikdən alınaraq Federasiyanın nəzarətinə keçirilməsini məqsədəuyğun sayır. Buna səbəb kimi isə hazırda əksəriyyəti formal fəaliyyət göstərən şahmat məktəblərini canlandırmaq, işlək vəziyyətə gətirmək və ölkədə yeni şahmatçılar nəslinin yetişməsi üçün ölkəboyu baza formalaşdırmaqdır.
Əslində şahmat məktəblərinin hazırda Təhsil Nazirliyinin tərkibində fəaliyyəti haqqında xoş nəsə demək çətindir, həmin məktəblər faktiki olaraq heç bir fəaliyyətlə məşğul deyillər, az-çox fəaliyyət göstərən şahmat məktəblərində də tədris həvəskar səviyyədən o yana keçmir. Bu mənada onların nazirliyin balansından çıxarılmasını və Şahmat Federasiyasına verilməsini anlamaq mümkündür.
Mənbəmiz bildirib ki, təhsil naziri Misir Mərdanov Elman Rüstəmovun belə bir niyyəti nin olmasından xəbərdar olduğu üçün hərəkətə keçib. Əvvəlcə məktəb tikintilərinin, ardınca uşaq bağçalarının, daha sonra dərsliklərin qiymətləndirməsinin nəzarətindən çıxarılması ilə faktiki ağır zərbələr alan və səlahiyyətləri yetərincə azalan Mərdanov şahmat məktəblərinin özünün kurasiyasında qalmasında ciddi şəkildə israrçıdır. Bu məsələ artıq onun üçün prestij məsələsinə çevrilib. Şahmat məktəblərini itirməklə başqa vaxt təhsil naziri bəlkə də çox şey itirməzdi, amma indi bu, onun hakimiyyətdə tamamilə dişsiz, təsir imkanlarından məhrum vəziyyətə düşdüyü və "qeyri-ciddi, formal nazir" olduğuna dair rəyləri daha da gücləndirə bilər.
Artıq Mərdanovun da bunu göz önünə alaraq, şahmat məktəblərini əlində tutmaq üçün həmləyə keçdiyi yönündə məlumatlar var. Həmin məlumatlara görə, yeni dərs ilindən ümumtəhsil məktəblərində şahmat fənni tədris olunacaq. Belə ki, ölkənin hər rayon və şəhərində bir neçə orta məktəbdə, eyni zamanda keçən il pilot kimi seçilmiş məktəblər də daxil olmaqla, ikinci və üçüncü sinif şagirdlərinə tədris olunacaq. Bu məluimatları artıq Təhsil Nazirliyində də rəsmən təsdiqləyiblər. Bildiriblər ki, artıq şahmat dərslikləri də tam hazırdır.
Məlum olub ki, 2011-ci ilin dekabrında təhsil nazirinin əmri ilə 2012-ci ilin yanvarından etibarən hər rayondan bir seçmə məktəb olmaqla pilot layihə kimi şahmatın fənn kimi tədrisinə başlanılıb. Buna maraq üçün ayrılan kurslardan bir saat ayrıldı. Ölkənin 75 ümumtəhsil məktəbində şahmat fənn kimi tədris olundu. Həmin fənni keçən müəllimlər üçün təlim seminarları təşkil edildi, şagirdlər üçün dərs vəsaiti hazırlandı. Toplanmış təcrübə əsasında, nəticələr də ümumiləşdirilərək, şagirdlərin şahmata böyük maraq göstərdiyi qeydə alınıb. Əslində isə burada həm də Misir Mərdanovun həm şahmat fənninin tədrisinə başlandığı gərəkçəsi ilə şahmat məktəblərini əlində saxlamaq istəməsi, həm də yeni fənn vasitəsi ilə əlavə vəsait əldə etməyə çalışması rol oynayıb.
Maraqlıdır ki, Təhsil Nazirliyi şahmat fənninin tədrisinə başladığı halda bununla bağlı Şahmat Federasiyasının hər hansı yardımına ehtiyac duymayıb, ən azı nazirlikdən məsələ ilə bağlı verilən geniş bilgidə bu işdə federasiyanın hər hansı yardımından bəhrələnib-bəhrələnməyəcəyi yönündə ən xırda bir bilgiyə rastlanmır. Bu da əslində federasiya prezidenti Elman Rüstəmovla Mərdanov arasındakı soyuqluğun, daha doğrusu şahmat məktəbləri uğrunda yarışın işarəti sayıla bilər.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54
2024-12-23 09:17:32
2024-12-21 12:17:35
2024-12-21 11:02:55
2024-12-20 17:13:00
2024-12-20 15:33:58
2024-12-20 13:45:49
2024-12-20 11:44:20
2024-12-20 09:27:05
2024-12-20 09:26:35