Qarabağda niyə məğlub olduq?
14:31 10-07-2012
İQTİSADİYYAT
Qarabağda niyə məğlub olduq?
1993-cü ilin yanvarında Ali Baş Komandan 2-ci Ordu Korpusuna Qarabağda hücuma keçməyi əmr etdi. 92-ci ilin sentyabırından 2-3 müdafiə-istehkam zolağı qurmuş və mövqelərini möhkəmlətmiş düşmənin üzərinə dağlarda, qışın “oğlan çağında”, döyüş hazırlığını 50% keçmiş və hücum üçün əlavə ehtiyat qüvvəsinin olmadığı ordu ilə hücuma keçməyin zəruriliyi və məqsədəuyğunluğu hərbi nöqteyi nəzərdən yolverilməz və çox mübahisəli olsa da (hətta korpus rəhbərinin bu qərara etirazı, vəzifəsindən istefa edəcəyi dərəcəsinə çatmasına baxmayaraq), və bir çox başqa faktlar bu hücum əmrinin siyasi qərar olduğuna işarə etsə də, 2 OK-sunun hərbi hissələri əmrə tabe olaraq, 17 yanvar 1993-cü ildə Baş Qərargahın tərtib etdiyi plan üzrə Ağdam və Ağdərə istiqamətindən hücuma keçdilər.
Cəbhə xəttində, müdafiə mövqelərində öncədən dayanmış və həmin “müdafiə rayonuna”məsul olan hərbi hissələr olduğu mövqelərdən tərpədilməmişdir. Plana görə, hücumun nəticələrindən asılı olmayaraq, yerli briqada öz mövqelərini tərk etməməli, dayandığı mövqelərdə dayanmalı və düşmənin mümkün əks hücumlarını dəf etməli idi. Bu, hərbi elm və müharibə praktikasına tam uyğun bir qərar idi.
Ağdərə istiqamətindəki hücumun sağ cinahında 123-cü alayın bölmələri Vaquazdan hərəkət edərək, olduqca ağır və əlverişsiz relyef və klimatik şəraitdə son dərəcə şiddətli döyüşlər nəticəsində, erməniləri dağətəyi daş karxanalarında qurduqları 5 mərtəbəli müdafiə istehkamlarından vurub çıxararaq, böyük itkilərlə (Eyvaz Əliyevin (”Xan Eyvaz”) batalyonunun şəxsi heyyətinin yarısı və b.) Vəngin yaxınlığındakı qədim Alban kilsəsinin yerləşdiyi yüksəkliyi tutdular. Dostəli Hacıyevin komandir olduğu 123-cü alayın 1-ci batalyonu isə ağır döyüşlər nəticəsində Araçadzor (Dovşanlı) kəndini nəzarətə aldı. Bununla da, 123-cü alay 5 km (hava xətti ilə) irəliləyərək, öz hücum vəzifəsinin birinci hissəsini yerinə yetirib, hücumu döyüş planına uyğun olaraq, davam etmək üçün mərkəz və sol cinahdakı batalyonları gözlədi.
Mərkəzdə və sol cinahda hücuma keçən birləşmələr çoxlu itkilər verərək, irəliləyə bilmədilər. Artıq ermənilər də Baş Qərargahın planını başa düşmüşdürlər.
Komandanlıq, mərkəz və sol cinahın üzləşdiyi böyük itkilər nəticəsində və ehtiyat (rezerv) hücum qüvvələrinin olmamasına görə, yaxın zamanda həmlə etmək iqtidarında olmadığını görüb, tutduqları mövqelərdə üç gün qəhramancasına dayanan 123-cü alayın bölmələrini, yeni itkilər verməmək və bu bölmələrin mühasirəyə düşmək təhlükəsinin qarşısını almaq məqsədilə, geriyə çəkdi.
Artıq aydın idi ki, hücum qüvvələri bərpa üçün geriyə, öz daimi dislokasiya yerinə çəkilməlidir. Hücum uğurla nəticələnsə idi də, əməliyyatdan sonra sırf hücum alayı olan 123-cü h/h, yeni tutduğu mövqeləri yerli briqadaya təhvil verib, bərpa üçün öz daimi bazasına qayitmalı idi. 123-cü alayın yaradılmasının məqsədi məhz hücüm əməliyyatları keçirib, tutduğu mövqeyi yerli briqadaya aktla təhvil verib, yeni hücum əməliyyatları üçün hazırlaşmaq idi. Yeri gəlmişkən, 93-cü ildə Ağdərədən hücuma keçdiyi mövqeləri də elə həmin 123-cü alay 1992-ci ilin 30 avqust-5 sentyabr ərzində alıb, məsuliyyət zonası üzrə müdafiə üçün həmin yerli briqadaya təhvil vermişdi.
Geri çəkilmək əmri də yalnız 123-cü alaya verilmişdir. Uğursuz hücum əməliyyatından qayıdan, əldən düşmüş, yaralı və meyyitləri bellərində gətirən, 123-cü alayın döyüşçülərini görən yerli briqadanın əsgərləri müdafiə mövqelərini tərk edərək, qaçdılar. Ermənilər əks hücuma keçdilər və irəliləməkdə idilər.
Ağdam istiqamətində keçirilən hücum əməliyyatı eyni aqibətlə sona çatsa da, yerli briqada müdafiə mövqelərini tərk etmədi, düşmən həmlələrinin qarşısını aldı.
Həm Ağdamda, həm Ağdərədə hücum əməliyyatlarına rəhbərlik edən İstiqamət komandirləri siyasi rəhbərlik nümayəndələrindən gələn göstərişləri yerinə yetirərək, əməliyyatı pozan hərəkətlər etdilər. Misal kimi, Ağdam istiqamətində hücuma keçən 123-cü alayın bölmələri öz artileriyamız tərəfindən atəşə tutulmasını və buna bənzər başqa faktları gətirə bilərəm.
Hücumun uğursuz başa çatmasından sonra,hücuma keçən 123-cü alaya 2-ci Korpus geriyə qayıtmaq əmrini verdi.
Korpus rəhbəri Sürət Hüseynov hər iki İstiqamət komandirlərinin hücumu pozan fəaliyyətlərini araşdırmağa başladı.Etdikləri xəyanətin ifşa olunması ərəfəsində, Ağdərə İstiqaməti komandiri 123-cü alayın geri çəkilməsi haqqında məxfi əmrı mətbuata çapa verdi.93-cü ilin qış hücum kampaniyasının Sürət Hüseynova qarşı hazırlanmış təxribat olduğunu sübut edən məqamlardan biri budur ki, hərbi əməliyyatlar gedən zaman, senzuraya rəğmən, mərkəzi mətbuat bu əmri çap etdi. Bu hücuma bilavasitə rəhbərlik edən istiqamət komandirləri bu məğlubiyyətə baxmayaraq o zaman vəzifədə böyüdüldülər, amma nədənsə korpus komandiri Surət Hüseynov vəzifəsindən azad edildi. Nonses!!!
Bu xain fəaliyyət bu günə qədər araşdırılmayıb.
Cəbhədə düşmənin əks hücumunun qarşısının alınması tədbirləri görülən zaman, hücumun uğursuzluğunun, əslində qoşunların deyil, tək 123-cü alayın geri çəkmək əmrinin doğru yaxud səhv olduğunun və sonrakı yaranmış vəziyyətin səbəblərinin araşdırılması üçün hərbi-texniki ekspertizasının keçirilməsi təyin edilməmiş, Qarabağın yolunu belə tanımayan, Bakıda əyləşmiş AXC İcraiyyə Komitəsinin sədri Fərəc Quliyev cəbhə xəttində yaranmış vəziyyətlə bağlı 9 fevral 1993-cü ildə fətvaya bənzər bəyanat verdi. Bəyanatda deyilirdi ki, Sürət Hüseynov Ağdərədən güya bütün qoşunları geri çəkərək, müdafiə xəttini boşaldıb və bununla da xəyanət edib.
Cəbhədəki onsuz da ağır vəziyyət,”xəyanət, xəyanət..!”sözlərilə tamamilə idarəolunmaz hala gəldi.
Dünya, yaranandan müharibələr edir və bu sahədə böyük təcrübələr toplanıb. Hərbi Nizamnamələr döyüş meydanlarında əsgərlərin tökülmüş qanı ilə yazılıb. Ancaq Döyüş Nizamnamələrinin heç birində siyasi partiyaların döyüş əməliyyatlarına müdaxiləsi, siyasi bəyanatlar, siyasətçilər tərəfindən günahkarların müəyyən edilməsi və s. nəzərdə tutulmayıb. Hətta Sovet Kommunist Partiyası, konstitusiyaya əsasən sovet cəmiyyətinin rəhbər qüvvəsi olduğu halda və buna baxmayaraq, 1941-1945 illərdəki müharibənin ən ağır məğlubiyyətləri dövründə heç vaxt hansısa komandanın əmrlərinə və yaxud cəbhədə yaranmış vəziyyətə münasibət bildirməmişdir.
Müharibələr praktikasında ilk növbədə əməliyyatın gedişində yaranmış arzuolunmaz vəziyyətin səbəblərinin aradan qaldırılması, cəbhədəki vəziyyətin düzəldilməsi, yəni ordu qarşısında duran, aparılan müharibənin məqsədləri ilə yalnız birbaşa bağlı vəzifələr əsas götürülür, qərarlar verilir. Bununla yalnız hərbi komandanlıq, peşəkarlar məşqul olur və ən sonda günahkarlar aşkar edilərək, cəzalandırılır. Döyüş uduzmayan komandan tarixdə olmayıb. Sürət Hüseynov cəbhə xəttindəki vəziyyəti sabitləşdirə bilərdi, lakin haqqında “xəyanətkar”bəyanatı və bu bəyanatdan sonra işə salınan köhnə DTK şaiə yayma mexanizmləri- “döyüşməyin mənası yoxdu, onsuzda torpaqlar satılıb”, “əskərlərimizi özümüzünkilər arxadan vururlar” və s. buna imkan vermədi.
Sürət Hüseynovun məhkəmə prosesində,1993-cü ildə general Nurəddin Sadıxovun rəhbərliyi ilə keçirilmiş hərbi-texniki ekspertizaların rəyinə və məhkəmə istintaq araşdırmasının gəldiyi nəticələrə əsasən, 1993-cü ilin yanvarında Ağdərə məğlubiyyəti ilə bağlı Sürət Hüseynova qarşı irəli sürülən ittiham üzərindən götürüldü.
Fərəc Quliyevin 9 fevral bəyanatı, tək bir əməliyyatın uğursuzluğunu hərbi katastrofa dönüşdürdü. Fərəc Quliyevin təxribati bəyanatı cəbhədə əsgərlərin komandirlərinə inamını qırdı, idarəetmə pozuldu, cəbhə xətti tamamilə dağıldı. Ermənilər Ağdərəni, Laçının bizim nəzarətimizdə qalan hissəsini, martın sonlarında isə Kəlbəcəri işğal etdilər. Bu təxribat, Azərbaycanı Vətən muharibəsində məğlubiyyətə uğradan əsas səbəblərdən biri oldu. Bundan sonra Azərbaycan ordusu bir daha müdafiə vəzifəsini tam həcmdə yerinə yetirə bilmədi, Azərbaycan höküməti ərazi bütövlüyünü qoruya bilmədi. Xalqımız bilməlidir ki, ölkəmizin bu günki vəziyyətə düşməsinin əsas səbəblərindən biri F.Quliyevin 9 fevral 1993-cü ildə dövlət qurumu olan Az.TV-də verdiyi bəyanat və bu bəyanatın səbəbilə Qarabağ cəbhəsində və olkə daxili ictimai-siyasi həyatda baş vermiş hadisələrdir. Bu gün əlaltı media və başqa resurslardan istifadə edərək, haqqın səsini boğmaq olar-bir hərbiçi kimi Gücün haqqının nə olduğunu yaxşı anlayıram. Ancaq Haqqın gücü daha kəsərlidir. Gələcək tarixçilərimiz 9 fevral 1993-cü il bəyanatının hərb tariximizdəki yerini müəyyənləşdirəcək və Azərbaycan dövlətçiliyinə vurduğu zərbənin nəticələrinə görə bu bəyanatı Qara ləkə adlandıracaqlar.
Nazim Bayramov, hərbi publisist.123-cü motoatıcı alayın qərargah rəisi.
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00