Bu gün ali təhsil müəssisələrinə repetitor yanına getmədən qəbul olunanları görmək olduqca azdır. Təhsildə əsas gücü 10 və 11-ci siniflərə verən şagirdlər günün böyük hissəsini repetitor yanında keçirirlər. Nəticədə orta məktəb proqramından mənimsəyə bilmədiyi məlumatları hazırlıqda daha yaxşı öyrənir və müəyyən bal toplayaraq ali təhsil müəssisənə qəbul olunular. Bu, illərdir bizim adət etdiyimiz və mənimsədiyimiz mənzərədir. Sual yaranır: bu gün ümumtəhsil məktəblərində tədris olunan dərs proqramları ali məktəbə qəbul olunmaq üçün yetəri qədər əhatəli deyilmi?
Unikal.org xəbər verir ki, Təhsil Nazirliyinin Məktəbəqədər və ümumtəhsil şöbəsinin müdiri Aydın Əhmədov Modern.az-a açıqlamasında deyilənlərlə razılaşmayıb. O bildirib ki, təhsil proqramlarının ali məktəbə hazırlığı təmin etmədiyini demək yanlışdır.
"Ttəhsil proesinə mane olmamaq şərti ilə şagirdlər dərsdən sonra əlavə məlumatlar öyrənmək üçün hansısa bir xidmətdən istifadə edə bilər. Belə hallar var və buna da müəyyən mənada təbii baxmaq laızmdır. Demək olmaz ki, təhsil proqramları yetəri qədər yaxşı deyil, çünki Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının da proqramları məhz bunun əsasında qurulur".
Şöbə müdiri qeyd edib ki, şagirdlər öz maraqları və istəklərinə uyğun əlavə materiallar öyrənə bilərlər.
"Biz bunu həmişə demişik və şagirdlər də müəyyən təhsil xidmətlərindən istifadə edirlər, amma tədris prosesinə mane olmamaq şərti ilə. Lakin hökm kimi qeyd etmək olmaz ki, ali məktəbə qəbul olunan məzunların hamısı repetitor yanına gedərirlər. Yülzərlə, minlərlə abituriyent var ki, ali məktəbə qəbul olunmaq üçün heç bir repetitor xidmətindən istifadə etmir. Öyrənmək, əlavə məlumatlar əldə etmək fərdin öz hüququdur. Bu, həmişə olub və gələcəkdə də olacaq. Şagirdin əlavə savadlanmaq hüqüuqunu heç kim əlindən ala bilməz. Mövcud şəraitə uyğun olaraq, ən mühüm vəzifə ondan ibarətdir ki, bu proses təhsil prosesinə mane olmasın".
A.Əhmədov vurğulayıb ki, ümumtəhsil məktəblərinin vəzifəsi şagirdin ali məktəbə qəbul olunmasına xidmət etmir.
"Şagirdlərin arasından ən istedadlıları, öz potensiallarına görə oxumaq iqtidarında olanlar təbii ki, o yolla gedirlər. Ümumiyyətlə, gələcəkdə "Təhsil haqqında" Qanuna uyğun olaraq, tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi həyata keçiriləcək. 9-cu sinif təhsili ümumorta təhsil səviyyəsi hesab edilir, yuxarı təhsil səviyyəsi, 10-11-ci siniflər üzrə təhsil təmayülləşmə ilə təşkil olunacaq. Bununla bağlı ekspertmentlər gedir. İcbari təhsili bitirənlərin ən yaxşıları, təlim nəticələrini göstərənlər o səviyyəyə qəbul olunacaqlar. Onlar üçün ayrıca təhsil proqramları və təhsil planı tətbiq olunacaq. Hal-hazırda 60-a yaxın məktəbdə belə eksperiment gedir".