"Aprel döyüşləri hər an təkrarlana bilər. Özü də daha geniş və dərin miqyasda. Ötən il aprel döyüşləri Azərbaycan ordusunun şanlı qələbələri ilə yadda qaldı. Həmin döyüşlərdə yalnız ön xətdə olan kiçik bölmələrimizin iştirak etməsinə baxmayaraq, o vaxt ermənilərə elə bir zərbə endirildi ki, onlar ordumuzun gücünü gördülər. Ermənistanda anladılar ki, ordumuz onlara hər an sarsıdıcı zərbə vura bilər".
Unikal.org bildirir ki, bu barədə Milli.Az-a hərbi ekspert, sabiq hərbi birlik komandiri, general-leytenant Yaşar Aydəmirov deyib.
Generalın fikrincə, nəzərə alsaq ki, qarşıdakı günlərdə aprel döyüşlərinin ildönümüdür, o zaman bu cür döyüşlər hər an baş verə bilər: "ATƏT-in Minsk qrupunun regiona səfər etməsinin də məqsədi odur ki, bu baş verməsin. Əslində hamısının məqsədi odur ki, hamı çalışır ki, Azərbaycan ordusu hücuma keçməsin. Bundan qorxurlar, çünki artıq ordumuzun gücünü bilirlər. Ona görə də, istər ermənilər, istərsə də onların havadarları müxtəlif bəhanələrlə vaxtı uzatmağa çalışırlar".
Y.Aydəmirov hesab edir ki, ötən bir il ərzində ermənilər heç də boşluqlarını, zəif tərəflərini tam aradan qaldıra bilməyiblər: "Ermənilər "İskəndər" raketlərindən və onun süni təbliğatından başqa silah-sursat, texniki təminat baxımından problemlərini elə də güclü şəkildə həll edə bilməyiblər. O "İskəndər"ləri də ordumuz zərərsizləşdirməyə hər an hazırdır. Əksinə, Azərbaycan bu dövrdə daha dəqiq və müasir silah və texnika alaraq ordunun təchizatını və təminatını daha da yaxşılaşdırdı. Artıq həmin silah-texnikanın müəyyən hissəsi döyüş atışları təlimlərində göstərilib, amma çoxu qalır, göstərilməyib".